...

"Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar" adlı tədbir keçirilib

Cəmiyyət Materials 22 Dekabr 2014 14:52 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının 3 illiyi münasibətilə "Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar" adlı tədbir keçirilib.
"Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar" adlı tədbir keçirilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının 3 illiyi münasibətilə "Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar" adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri, digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun sədri Fərhad Hacıyev Azərbaycanın gənclər siyasəti və Gənclər Fondunun fəaliyyəti haqqında danışıb. F.Hacıyev qeyd edib ki, Azərbaycanın gənclər siyasəti bütün dünya üçün bir örnəkdir və bunu artıq bütün dünya deyir.

Fond rəhbəri bildirib ki, Azərbaycan gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "Ulu öndər 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ilk yaratdığı dövlət qurumu məhz Gənclər və İdman Nazirliyi olub. Ulu öndər hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərirdi".

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin əsas məqsədi Azərbaycanda sağlam və vətənpərvər gəncliyin yetişdirilməsi olub: "Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələyə qədəm qoyub və infrastrukturun genişləndirilməsi, bu sahədə müxtəlif yeni orqanların yaradılması, gənclərin potensialının dövlət tərəfindən daha çox dəstəklənməsinə xüsusi yer ayrılır".

F.Hacıyev qeyd edib ki, Gənclər Fondunun yaradılması təşəbbüsü də məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.

Gənclər Fondunun yarandığı gündən indiyə qədər dəstəklədiyi layihələr barədə məlumat verən sədr qeyd edib ki, Fond ilk gündən başlayaraq layihələrin elektron qəbulunu tətbiq etdi və layihələri kateqoriyalara ayırdı.

Onun sözlərinə görə, Gənclər Fondunun saytında 304 gənclər təşkilatı, 3842 fərdi gənc qeydiyyatdan keçib.

F.Hacıyev vurğulayıb ki, Fondun birinci qrant müsabiqəsinə 165 müraciət olub və onlardan 129 layihə dəstəklənib: "İkici qrant müsabiqəsində Fonda 387 layihə müraciəti daxil olub və onlardan 170 layihə dəstəklənib. 3-cü qrant müsabiqəsində 421 müraciətdən 331-i dəstəklənib".

F.Hacıyev əlavə edib ki, 4-cü qrant müsabiqəsi sırf fərdi müraciətlərə həsr olunub və 668 layihədən 391-i dəstəklənib: "5-ci qrant müsabiqəsində 1065 layihə müraciəti daxil olub".

Onun sözlərinə görə, 6-cı qrant müsabiqəsində isə 1248 layihədən 408 layihə dəstəklənib.

Daha sonra çıxış edən Gənclər Fondu Müşahidə Şurasının üzvləri olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək Azərbaycanın gənclər siyasəti və Gənclər Fondunun fəaliyyəti barədə danışıblar.

Qeyd olunub ki, Azərbaycan gəncləri Avropa və dünya gənclərinə nümunə olacaq səviyyəyə gəlib çıxıblar. Bu gün Azərbaycan gəncliyi təkcə ölkə daxilində deyil, xaricdə də Azərbaycanın təbliğatını aparır. Azərbaycan gəncliyi dövlətinə, millətinə bağlı gənclərdir və harada yaşamalarından, təhsil almalarından asılı olmayaraq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında aktiv iştirak edirlər.

Daha sonra "İrəli" Gənclər Birliyinin "Nəzər nöqtəsi" layihəsi, Asan Könüllülər Təşkilatının "Asan Akademiya" layihəsi, Gənclər üçün Təhsil Mərkəzinin "Region gənclərinin yaradıcılıq festivalı" layihəsi, fərdi layihələrdən olan "Yol terroruna son", "Xarı bülbül" və digər layihələrin təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti