...

Azərbaycan polisi seçkiyə kənar müdaxilənin qarşısını alacaq

Cəmiyyət Materials 22 Dekabr 2014 16:25 (UTC +04:00)
Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq.
Azərbaycan polisi seçkiyə kənar müdaxilənin qarşısını alacaq

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

DİN-dən Trend-ə bildiriblər ki, seçki günü ən son seçki bülleteni təhvil verilənədək polis orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam hazır olacaq. Seçki komissiyaları tərəfindən problemli məsələlərlə bağlı polis orqanlarına hər hansı müraciət daxil olarsa, onlara dərhal reaksiya veriləcək.

Qanunverciliyə görə, polis əməkdaşı səsvermə günü уаlnız məntəqə seçki komissiyası sədrinin dəvəti ilə seçki məntəqəsinə daxil olaraq ictimai asayişin bərpa edilməsində və ya seçki məntəqəsinin qarşısına gələrək "exit-poll" fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında xidməti geyimdə iştirak etməlidir.

Polis əməkdaşı xidməti vəzifəsini seçki məntəqəsi yerləşən binadan azı 100 metr aralıda yerinə yetirməlidir. Məntəqə seçki komissiyası sədrinin dəvəti ilə ictimai asayişi bərpa etmək üçün səsvermə otağına daxil olduqda səsvermə müvəqqəti olaraq dayandırılır. Polis əməkdaşı ictimai asayişi bərpa edərkən qanunvericiliyin müvafiq tələbləri ilə yanaşı, bu tələbi də əsas götürməli, ictimai asayiş bərpa edildikdən sonra dərhal seçki məntəqəsini tərk etməli və öz xidməti vəzifəsini yuxarıda göstərilən məsafədə yerinə yetirməlidir.

Azərbaycan Respublikasının vətəndaşı kimi polis əməkdaşının da qanunvericiliklə müəyyənləşdirilmiş qaydada seçkilərdə seçici kimi iştirak etmək hüququ var. Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polisin səsvermə zamanı seçki məntəqəsində olması qadağandır. Xidməti geyimdə olan polis əməkdaşı seçki məntəqəsinə yalnız səsvermədə iştirak etmək üçün və ya məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti ilə daxil ola bilər.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda 118 seçki dairəsində bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərdə vətəndaşlar səsvermə yolu ilə 1607 bələdiyyəyə 15 min 35 üzvü müəyyən edəcəklər. Səsvermə dekabrın 23-də saat 08:00-da başlayacaq, axşam saat 19:00-da bitəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti