...

Fuad Muradov: Uğurun açarı insanın öz əlindədir (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2014 17:23 (UTC +04:00)
Milli Məclisin üzvü Fuad Muradov virtual dostları ilə canlı görüşüb.
Fuad Muradov: Uğurun açarı insanın öz əlindədir (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/

Milli Məclisin üzvü Fuad Muradov virtual dostları ilə canlı görüşüb.

Trend xəbər verir ki, Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov sosial şəbəkədəki virtual dostları ilə canlı görüşüb. 100-ə yaxın virtual dostla baş tutan canlı söhbət zamanı müasir gəncliyi narahat edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Artıq bir neçə dəfə virtual dostları ilə görüşlər keçirdiyini deyən millət vəkili qeyd edib ki, belə görüşləri təşkil etməkdə məqsəd virtual şəbəkədəki dostlarının fikirləri ilə tanış olmaq və onları yaxından tanımaqdır.

Görüş zamanı iştirakçılar onları maraqlandıran bir sıra məsələlər, o cümlədən xaricdə təhsil almaq imkanları, milli ali məktəblərimizdə təhsilin vəziyyəti, ölkədə tibbi sığortanın yaradılmasının vacibliyi və s. ətrafında fikir mübadiləsi aparıblar.

Millət vəkili qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı aparılan siyasət dövlət siyasətinin mühüm tərkib hissəsidir: "Prezident İlham Əliyevin yürütdüyü siyasətdə gənclər əsas prioritetlərdəndir. Dövlət başçısı ölkədə sağlam, təhsilli, dövlətçiliyə sadiq gənc nəslin formalaşmasını mühüm hesab etdiyini dəfələrlə öz çıxışlarında vurğulayıb".

Onun sözlərinə görə, Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması məqsədilə 2005-ci ildə Azərbaycan Gəncliyi Dövlət Proqramını imzalayıb. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.

Deputat ölkədəki ali məktəblərin bazasında olan problemlərdən danışıb və vurğulayıb ki, dövlətimizin xaricdə təhsillə bağlı proqramının əsas məqsədi Avropanın çağdaş elm təcrübəsi ilə tanış olan gəncliyi yetişdirmək və bu elmi təcrübəni ölkəyə gətirməkdir. F.Muradov bildirib ki, daha bir təklif xarici ölkələrin ali məktəb müəllimlərini Azərbaycan unversitetlərinə dəvət etməkdən ibarətdir və bununla bağlı artıq bir sıra addımlar atılıb.

Elmin vəziyyəti barədə aparılan müzakirələr zamanı görüş iştirakçıları bir sıra təkliflərini səsləndirib, eləcə də gənc mütəxəssislərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün addımların atılmasının vacibliyi vurğulayıblar. F.Muradov elm sahəsinə innovativ yanaşmanını vacib olduğunu qeyd edib.

Tibbi sığortanın mühüm olduğunu deyən deputat vurğulayıb ki, Milli Məclisdə bu məsələni qaldırıb.

Daha sonra işsizlik probleminə toxunulub. F.Muradov deyib ki, hazırda işlə bağlı tələblər çox dəyişib: "Gənclərin iş yerləri ilə təmin olunması dövlətin diqqətindədir və bunun üçün dövlət proqramları hazırlanıb".

Deputat daha sonra ölkəmizin müstəqilliyini təhdid edən faktorlardan danışıb və bununla bağlı müəyyən qrupların Azərbaycana qarşı apardığı kampaniyaları nümunə göstərib. Deputat ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin gəncliyin qarşısında ən böyük vəzifə olduğunu qeyd edərək bu məsələdə eyin hədəfə vurmağın zəruri olduğunu deyib.

F.Muradov gəncləri öz fəaliyyətində aktiv olmağa və haqlı hesab etdikləri mövqelərini axıra qədər müdafiə etməyə çağırıb: "Əsas düzgün hədəf və iradədidr. Çox erkən gənclik yaşımdan etibarən öz təşəbbüsümlə ölkənin gəncliklə bağlı ictimai sektoruna gəlmişəm. Demək istəyirəm ki, uğurun açarı insanın öz əlindədir".

Səmimi şəraitdə və canlı müzakirlərlə keçən görüş üçün gənclər deputat F.Muradova təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti