...

Rejissora qarşı quldurluq edənlərə hökm oxundu

Cəmiyyət Materials 26 Dekabr 2014 16:19 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində klipmeyker Nail Naiboğluna qarşı quldurluq etməkdə və ondan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Ümid Cəfərov, onun qardaşı Mirağa Cəfərov və Amid Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rejissora qarşı quldurluq edənlərə hökm oxundu

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində klipmeyker Nail Naiboğluna qarşı quldurluq etməkdə və ondan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Ümid Cəfərov, onun qardaşı Mirağa Cəfərov və Amid Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ü.Cəfərov 10 il, M.Cəfərov 9 il və A.Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 4 sentyabr 2014-cü ildə Nail Naib oğlu Rzayevin yaşadığı Xətai rayonu, Gəncə prospektində olan evinə basqın ediblər. Başlarına maska taxan mütəşəkkil dəstənin üzvləri klipmeykerin əl-qolunu bağlayaraq ona silah çəkiblər.

Onlar silah qismində istifadə etdikləri əşya ilə klipmeykerə hədə-qorxu gələrək pul və qızılları tələb ediblər. Dəstə üzvləri Nailin evində axtarış aparan zaman iki ədəd telefonunu, brilyant qaşlı qızıl üzüyünü götürüblər. Onlar klipmeykerin başından vuraraq onu uydurublar və daha sonra evi tərk ediblər.

Bundan başqa, dəstə üzvləri N.Naiboğlunun ailəsini məhv etməklə hədələyiblər və ondan 10 min manat pul tələb ediblər. Nail onlara 1000 manat verə biləcəyini deyib. Həmin gün Nail "Əhmədli" metrostansiyasının yaxınlığında dəstə üzvlərinə 1000 manat verib. Bundan sonra təqsirləndirilənlər N.Naiboğludan yenə də pul tələb ediblər.

N.Naiboğlu hədə-qorxu ilə pul tələb edən dəstənin əməlindən Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayət edib. Həmin gün saat 16 radələrində N.Naiboğlu dəstə üzvlərinə qalan pulu vermək istəyərkən polis əməkdaşları əməliyyat keçirib. Keçirlən əməliyyat nəticəsində dəstə üzvləri həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci (quldurluq), 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti