...

Azərbaycanın şimal bölgəsindəki seysmoloji aktivliyə rəsmi aydınlıq gətirildi

Cəmiyyət Materials 26 Yanvar 2015 11:24 (UTC +04:00)
Azərbaycanın şimal bölgəsində bu gün səhər saatlarında 5 ballıq zəlzələyə səbəb olan seysmoloji aktivlik yanvarın 25-i axşam saatlarından başlamışdı.
Azərbaycanın şimal bölgəsindəki seysmoloji aktivliyə rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın şimal bölgəsində bu gün səhər saatlarında 5 ballıq zəlzələyə səbəb olan seysmoloji aktivlik yanvarın 25-i axşam saatlarından başlamışdı. Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, bu əsas zəlzələ bir dəfə - Quba ilə Şabran sərhədində - Zivə kəndində və Qubanın Çiçi kəndində baş verib: "Bu ərazilərdə dünən axşamdan seysmoloji gərginlik başlayırdı. Səhər-7:30:03-də də güclü təkan oldu. Ondan sonra bir dəfə də təkan, daha sonra xırda afterşoklar olub".

Onun sözlərinə görə, şimal bölgəsi - Siyəzən, Şabran, Quba rayonlarının həm dəniz, həm də quru sahələri həmişə seysmoaktiv bölgə olub: "Burada tarixən zəlzələlər olub. Bugünkü zəlzələnin də olması təsadüfi deyil. Çünki seysmoaktiv bölgələrdə həmişə zəlzələlər baş verir. Hələ vaxtilə Qusarda, Qubada da 1930-cu illərdə güclü, maqnitudası 5, 5-dən yuxarı olan zəlzələr olub. Bugünkü zəlzələ də episentrdə 5 bal olub. Ətrafdakı bölgələr-episentrə yaxın olanlar dalğa sönənə kimi zəlzələni 4-3 bal gücündə hiss ediblər. Qubada 4 bala yaxın, Pirquluda 2,5, Şamaxıda 2 bal olub. Dağıntının olmasına inanmıram. Episentr yaşayış mənqələrinə sıx olan yerdə deyil. Ola bilsin ki, binaların tikilməsindən asılı olaraq, köhnə binalarda çat yaransın. Gərək baxış keçirilsin".

Q.Yetirmişli deyib ki, bundan sonra baş verə biləcək zəlzələlər ilk zəlzələdən zəif olacaq, 5 baldan yüksək zəlzələ çətin ki, olsun: "Enerji tükənib, yerdə qalan afterşoklar davam etməlidir".

Mərkəzin baş direktoru bildirib ki, hazırda Azərbaycanın hansısa bölgəsində dağıdıcı zəlzələnin başvermə mümkünlüyü olan ərazi yoxdur. Bundan sonra yalnız fon səviyyəsində zələlələr ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti