...

Beynəlxalq olimpiadada çıxış edəcək azərbaycanlı şagirdlərin seçimi ilə bağlı mərhələlərdən biri başa çatdı

Cəmiyyət Materials 27 Yanvar 2015 16:02 (UTC +04:00)
47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin rayon-şəhər mərhələsi başa çatıb.
Beynəlxalq olimpiadada çıxış edəcək azərbaycanlı şagirdlərin seçimi ilə bağlı mərhələlərdən biri başa çatdı

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin rayon-şəhər mərhələsi başa çatıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verır ki, bu mərhələdə ümumilikdə X və XI siniflər üzrə 1472 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 684 şagird zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin zona mərhələsinin keçirilmə tarixi yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən elan olunacaq. Zona mərhələsinin Təşkilat komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələri arasından seçiləcək.

Zona mərhələsində iştirak edəcək şagirdlər ilk mərhələnin nəticələrinə əsasən Təşkilat komitəsinin qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt ayrılacaq.

Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Bu mərhələdə iştirak edəcək şagirdlər də zona mərhələsinin nəticələri nəzərə alınmaqla Təşkilat komitəsinin qərarına əsasən müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar.

Qeyd edək ki, 80 ölkədən 300-dən artıq məktəblinin iştirak edəcəyi 47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-dən 29-dək Bakı şəhərində keçiriləcək. Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. 2013-cü ildə keçirilmiş 46-cı olimpiada 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.

Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti