...

Azərbaycanda gənclərin regionlarda işlə təmin edilməsi stimullaşdırılacaq

Cəmiyyət Materials 28 Yanvar 2015 17:08 (UTC +04:00)
"Biz aidiyyəti orqanlarla birlikdə gənclərin regionlara marağının artırılması, onların rayonlarda işlə təmin edilməsini stimullaşdırmaq üçün konsepsiya hazırlamaq haqqında düşünürük".
Azərbaycanda gənclərin regionlarda işlə təmin edilməsi stimullaşdırılacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

"Biz aidiyyəti orqanlarla birlikdə gənclərin regionlara marağının artırılması, onların rayonlarda işlə təmin edilməsini stimullaşdırmaq üçün konsepsiya hazırlamaq haqqında düşünürük". Trend xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərlə söhbəti zamanı deyib.

Nazir müavini qeyd edib ki, artıq heç kimi administrativ yolla regionlara göndərmək mümkün deyil. Ona görə də başqa çıxış yolu tapmaq lazımdır: "Vətənpərvərlikdən danışıb gəncləri rayona göndərmək nəticə verməz. Burada əsas rolu iqtisadi məqamlar oynayır. Biz rayonlarda müəyyən statistik tədqiqatlara başlamışıq. Bu tədqiqatlarla hansı rayonda hansı işə nə qədər kadra, hansı bölgədə hansı peşə sahiblərinə daha çox ehtiyac duyulduğunu öyrənəcəyik".

İ.Babayevin sözlərinə görə, gəncləri Bakıda ali təhsilini başa vurduqdan sonra qayıdıb öz regionunda ən azı 2 il işləməsi üçün hansısa yollarla həvəsləndirmək lazımdır: "Bu elə bir konsepsiya olmalıdır ki, insanların maddi və mənəvi tələbatı təmin olunsun. Bununla bağlı hazırda həm Azərbaycanın öz imkanlarını nəzərdən keçiririk, həm də müvafiq beynəlxalq təcrübəni öyrənirik".

Hazırda regionlarda kifayət qədər iş yerlərinin mövcud olduğunu da deyən nazir müavini deyib ki, bununla belə, gənclərin çoxu ya maaş səviyyəsi onları qane etmədiyinə görə, ya da həmin iş öz ixtisaslarına uyğun olmadığı üçün rayonlara qayıdıb işləmək istəmirlər: "Qeyd edim ki, bu özü də gənclərin ixtisas seçimində məsuliyyətli olmasını göstərən bir faktordur. Gənclər ali məktəblərdə daha çox populyar ixtisaslarda oxumaq istəyirlər. Amma seçim etməzdən öncə, hansı peşələrdə kadrlara ehtiyac olduğunu öyrənmək üçün əmək bazarını da təhlil etmək lazımdır. Təsadüfən, ya da məcburən hansısa ixtisasda oxuyanda əlbəttə ki, həmin gənc üçün iş tapmaq çətin olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti