Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Anar Əliyev/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran rayon sakinləri Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə prokuror təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT ilə əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinirlər.
İttihama görə, F.Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs F.Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və s. kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib. S.Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. S.Rzazadə Qaffariyə "mən Allah ordusuna əsgər seçilirəm" məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda möminlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.
İstintaq sənədlərinə görə, S.Rzazadə Lənkəranın polis rəisi, Sərhəd Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Şeyxülislam Allahşükür Paşazadənin cənub bölgəsinə səfərləri, Türkiyənin Lənkərandakı Fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar haqqında məlumatlar toplayaq Qaffariyə ötürüb.
Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.