...

Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa görə 105 şəxs məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 30 Yanvar 2015 15:28 (UTC +04:00)
Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2014-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək, bu xarakterli faktlar üzrə 105 şəxs barəsində 58 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.
Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa görə 105 şəxs məsuliyyətə cəlb edilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/

Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2014-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək, bu xarakterli faktlar üzrə 105 şəxs barəsində 58 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bunu baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2014-cü ildə görülmüş işlərin və cari ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, 2014-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 6 milyon 304 min 842 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib. Vurulmuş ziyanın tam ödənilməsi məqsədilə təqsirləndirilən şəxslərin 6 milyon manatdan çox müəyyən olunan əmlakı üzərinə həbs qoyulub.

X.Vəliyev qeyd edib ki, ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 46 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 143 yoxlama keçirilib, nəticədə 1975 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 194 təqdimat göndərilib, 220 nəfərə xəbərdarlıq edilib, 57 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 142 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 36 qanunsuz qərar ləğv olunub.

O, ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.

Hərbi prokuror deyib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 54 faizi təmin olunub, cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 252 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1865 müraciətinə baxılıb, 1203 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2781 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2162 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti