...

Hisslərin tərbiyəsi

Cəmiyyət Materials 30 Yanvar 2015 16:35 (UTC +04:00)
Statistik rəqəmlər Azərbaycanda zorakılıq hallarının illər üzrə azaldığını göstərsə də, insanlara, xüsusilə qadınlara qarşı zorakılıq halları barədə məlumatları artıq çox tez-tez eşidirik.
Hisslərin tərbiyəsi

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Statistik rəqəmlər Azərbaycanda zorakılıq hallarının illər üzrə azaldığını göstərsə də, insanlara, xüsusilə qadınlara qarşı zorakılıq halları barədə məlumatları artıq çox tez-tez eşidirik.

Son dövrlərdə artan zorakılıq faktları isə artıq bu problemə daha geniş və elmi yanaşmanı zəruri edir. Çünki bütün bu cinayət hadisələri bəzi insanlarda getdikcə daha çox müşahidə edilən aqressiyanın nəticəsidir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə (2014-cü il açıqlanmayıb) Azərbaycanda psixi xəstəliklərlə xəstələnməyə görə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslərin sayı 124 134 nəfərdir. Həmin ildə 14-29 yaşlı 3665 nəfərə, 30 və yuxarı yaşda olan 5884 nəfərə ilk dəfə olaraq psixi pozğunluqlar və davranış pozğunluqları diaqnozu qoyulub.

Statistik rəqəmlərə görə, yalnız 5 il ərzində - 2009-2013-cü illərdə Azərbaycanda qadınlara qarşı 30 277 (2009-cu ildə 6933, 2010-cu ildə 6507, 2011-ci ildə 6705, 2012-ci ildə 5478, 2013-cü ildə isə 4654) cinayət hadisəsi baş verib. Ötən ilin yanvar-sentyabr ayları ərzində isə qadınlara qarşı 4195, o cümlədən zorakılıqla bağlı 1687 cinayət faktı qeydə alınıb, 2024 nəfər buna görə məhkəmə məsuliyyətinə cəlb olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva hesab edir ki, məişət zəminində baş verən cinayət hadisələrinin qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir. Sədr müavini təklif edir ki, insanlardakı aqressiyaların qarşısını almaq üçün ailə, məktəb psixoloqlarının işinin gücləndirilməsi lazımdır.

Trend-ə açıqlama verən Türkiyənin Üsküdar Universitetinin Sosiologiya bölməsinin müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı isə hesab edir ki, əslində zorakılıq faktının artmasını təkcə bir amillə bağlamaq doğru deyil: "Bu sahədə mövcud olan nəzəriyyələrin bir qismi zorakılığın cəmiyyətdə öyrənilən davranışların nəticəsi olduğunu göstərir. Struktural nəzəriyyələr isə bu cür halları maddi imkanların qeyri-mütənasib bölgüsü nəticəsində fərdin ictimai status baxımından geridə qalması amili ilə izah edir. Başqa yanaşmaya görə isə əxlaqi şüur səviyyəsinin və ailə bağlarının zəif olması zorakılıq faktlarının artmasına səbəb olur. Eyni zamanda, sosiallaşma problemləri, düzgün ünsiyyət qura bilməmək, psixoloji gərginliklər, sosial nəzarətin zəif olması kimi faktorlar da bu cür cinayətlərin meydana gəlməsində əhəmiyyətli rol oynayır".

Ə.Süleymanlı deyib ki, son dövrlərdə şərq ölkələrində namus və şərəfin qorunması ilə bağlı cinayətlər daha çox baş verir. Maraqlı cəhətlərdən biri odur ki, bu cür cinayətləri edənlər arasında qadınlar daha çox üstünlük təşkil etməyə başlayıb.

Sosioloqun sözlərinə görə, aparılan tədqiqatların nəticələrinə əsasən, namus və şərəfin qorunması ilə bağlı cinayətlər daha çox böyük şəhərlərdə baş verir. Bu, daha çox əyalətdən şəhərə təhsil almaq, işləmək üçün müvəqqəti olaraq yaşamağa gələn insanların zəif sosial-iqtisadi statusu, şəhərə adaptasiya problemi və ənənəvi dəyərlərin mühafizə edilməsi tendensiyası ilə izah edilə bilər: "Əgər cəmiyyətdə mənəvi sahədə və əxlaq sistemində ciddi nöqsanlar özünü büruzə verirsə, insanlarda mərhəmət, sevgi, acıma duyğusu yox olur, sosial ünsiyyət formaları get-gedə zəifləyir. Bunun yerini zorakılıq, aqressivlik doldurmağa başlayır. Ənənəvi olaraq, mövcud olan sosial münasibətlərin, sosial əlaqə halqalarının cəmiyyətdə zəifləməsi bu cür üzdəniraq halların sayının artmasına şərait yaradır. Burada mediada zorakılığı təbliğ edən yayımların mənfi rolunu da qeyd etmək lazımdır".

Onun fikrincə, cəmiyyətdə özünü büruzə verən bu cür neqativ hadisələrin qarşısını almaq üçün təcili tədbirlər planı hazırlanmalı və xüsusilə mənəvi sahədə geniş proqramlar həyata keçirilməlidir: "Hər şizofrenikin, hər psixopatın yanına bir polis nəfəri vermək mümkün olmadığı üçün insanları bu cür əməllərdən çəkindirən mənəvi tədbirlər həyata keçirilməlidir. Bu mənada kiçik yaşdan etibarən insana verilən təhsil və tərbiyə böyük əhəmiyyətə malikdir. Təhsil və tərbiyə sistemimizin təməlinə sevgi dilinin yerləşdirilməsi vacibdir. Tərbiyə formasına görə insanın ya bir mələyə, ya da canavara çevrilə bilməsi mümkünlüyü də diqqətdən yayınmamalıdır".

Ə.Süleymanlı hesab edir ki, bu mənada istər ailə tərbiyəsində, istərsə də məktəb tərbiyəsində insanlara sevgi hissinin aşılanması kimi insani dəyərlərin təliminə əhəmiyyət verilməlidir: "Bir məqamı unutmaq olmaz ki, fiziki zorakılığı "bəsləyən" ən vacib amillərdən biri psixoloji zorakılıq faktlarıdır. Bunun üçün də psixoloji zorakılıq aradan qaldırılmadan fiziki zorakılığın qarşısı alına bilməz. Bu mənada ən vacib vasitələrdən biri hisslərin tərbiyəsidir. Hissi idrak elmdə artıq öz yerini tapıb, lakin zorakılıq kimi mənfi halların qarşısının alınmasında əhəmiyyətli vasitə olan hisslərin təlimindən və tərbiyəsindən bir o qədər də danışmırıq. Hissi tərbiyənin məqsədi qarşıdakı insanları anlamaq olmalıdır. Bir başqasını anlamaq onun zövqlərini, düşüncələrini, arzularını, həyatdan gözləntilərini, yəni hisslərini anlamaqla olur. Beləliklə də insan başqasına qarşı daha həssas və daha qayğıkeş olur".

Ə.Süleymanlı deyib ki, hisslərin tərbiyəsində bədii ədəbiyatın mütaliəsi, həqiqi sənət və musiqi nümunələrinin təbliği əhəmiyyətli rol oynayır.

Onun sözlərinə görə, valideynlər uşaqlarına nəzarəti və insanlarla sağlam ünsiyyət kanallarının inkişafına diqqəti artırmalıdırlar.

Sosioloq qeyd edib ki, bu gün texnikanın inkişafı canlı ünsiyyət imkanlarını məhdudlaşdırır və insanların həm bir-birindən, həm də dəyərlərdən uzaqlaşmasına səbəb olur: "Bu ünsiyyətsizlik mühiti öz növbəsində zorakılığa da münbit şərait yaradır. İnkişaf etmiş qərb ölkələrində müntəzəm keçirilən sosial tədqiqatlarla zorakılığa meyilli və riskli insanlar müəyyənləşdirilir, sosioloq, psixoloq, psixiatr və sosial işçilərin birgə əməkdaşlığı nəticəsində bu cür fərdlər nəzarət altında saxlanılır. Eyni zamanda, bu cür halların qarşısını almaq üçün xüsusi mərkəzlər təsis olunur. Məsələn, Türkiyədə bu cür faktların artması nəticəsində Cəmiyyətin Ruhi Sağlamlığı mərkəzləri qurulmağa başlandı. Bu mərkəzlərdə sosioloqlar, psixoloqlar və sosial işçilər birgə fəaliyyətləri ilə sosial risk zonalarını müəyyənləşdirməyə çalışırlar".

Ə.Süleymanlı hesab edir ki, bu kimi qabaqcıl praktikadan Azərbaycanda da istifadə etmək vacibdır. Eyni zamanda, cəmiyyətin ruhi sağlamlığı mövzusuna diqqəti daha çox artırmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti