...

Nikah müqaviləsi: Mentalitet, yoxsa bilgisizlik problemi? (ARAŞDIRMA)

Cəmiyyət Materials 5 Fevral 2015 10:39 (UTC +04:00)
Azərbaycanda evlənərkən dini kəbinin olması və nikahın rəsmiləşdirilməsi məsələlərinə kifayət qədər böyük diqqət yetirilsə də, Qərb ölkələrindəkindən fərqli olaraq burada nikah müqavilələrinin bağlanmasına maraq çox azdır.
Nikah müqaviləsi: Mentalitet, yoxsa bilgisizlik problemi? (ARAŞDIRMA)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda evlənərkən dini kəbinin olması və nikahın rəsmiləşdirilməsi məsələlərinə kifayət qədər böyük diqqət yetirilsə də, Qərb ölkələrindəkindən fərqli olaraq burada nikah müqavilələrinin bağlanmasına maraq çox azdır.

Statistika nə deyir?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib ki, 2013-cü illə müqayisədə ötən il Azərbaycanda bağlanan nikah müqavilələrinin sayı 20 faiz artıb. Lakin bu artım əslində çox cüzidir: "Belə ki, 2013-cü ildə ölkə üzə bağlanan nikah müqavilələrinin sayı 71 idisə, 2014-cü ildə bu rəqəm 83 olub. Çoxları bunu özləri üçün yad tendensiya hesab etdiyindən hələlik Azərbaycanda nikah müqavilələrinin bağlanmasına maraq o qədər də böyük deyil. Müqaviləni bağlayanların da əksəriyyəti gənc ailələr yox, ikinci dəfə ailə həyatı quranlar və ya iş adamları olur".

Adət-ənənə, dini və psixoloji aspektlər

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov Trend-ə bildirib ki, hüquqi dövlətdə yaşamağımıza baxmayaraq, Azərbaycan cəmiyyətində paralel olaraq həm adət-ənənənin diqtəsi, həm də dini yanaşma tərzi üstünlük təşkil edir: "Cəmiyyəti idarə edən 3 istiqamət var. Bunlar din, hüquq və adət-ənənələrdir. Məsələ bundadır ki, Azərbaycanda illər uzunu dini istiqamət və adət-ənənələr həmişə üstünlük təşkil edib. Məsələn, diqqət yetirsəniz, bu gün də bəzən ailə quranlar kəbinlə evlənirlər, heç rəsmi nikah qeydiyyatına da girmirlər. Onların arasında hətta tanınmış insanlar da var. Çünki həmin insanlar üçün halal-haram məsələləri daha önəmlidir, hüquqi məsələ isə çox vaxt arxa planda qalır. Bu bir psixoloji baryerdir".

Nikah müqavilələrinə gəlincə, psixoloq hesab edir ki, onun olması ailə quranlar üçün çox vacibdir: "Ailədə əsas məsələ maddi rıçaqlarla bağlı deyil. Ən önəmlisi münasibətlərin şəffaf olması, tərəflərin bir-birinə qarşı anlayış göstərməsidir. Bununla yanaşı, fikrimcə, nikah müqavilələrinin bağlanmasına böyük ehtiyac var, sadəcə cəmiyyəti bu istiqamətdə maarifləndirmək lazımdır. Çünki bundan bəzən sui-istifadə edənlər də var. Kifayət qədər insanlar var ki, onlar üçün ailə qurmaq yalnız maddi rifaha, maddi qazanca hesablanıb. Ona görə də bir qədər ailəli olduqdan sonra boşandıqda mülk üstündə uzun müddət mübahisələr gedir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məhkəmələrdə baxılan işlərin çoxu məhz ailə-məişət zəminində mübahisələr, boşanmalar və mülki məsələlərlə bağlıdır. Lakin nikah müqaviləsi olduqda tərəflər öz hüquqları ilə yanaşı, vəzifələrini də bilib daha məsuliyyətli olarlar.

Azərbaycan cəmiyyətində pis bir tendensiya yaranıb. Biz daim öz hüquqlarımızdan danışır, lakin vəzifələrimizi unuduruq. Məsələn, hamı kişinin və qadının hüquqlarından danışır, amma onların vəzifələrindən heç kim danışmır və ya az danışılır. Bu, doğru deyil. Bu gün ailədaxili münasibətləri, konfliktləri təhlil etdikdə görürük ki, onların kökündə heç də ciddi səbəblər dayanmır. Bunlar əsasən xırda şeylərdir. Lakin bu xırda şeylər zamanında həllini tapmadıqda ailələrin dağılmasına və s. problemlərə gətirib çıxarır".

Hüquqi maarifləndirmə

"Digesta" hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov Trend-ə deyib ki, bu məsələdə problem hüquqi maarifləndirmə ilə bağlıdır: "Hesab edirəm ki, bu problem vətəndaşların hüquqi bilgisizliyindən irəli gəlir. Nikah müqaviləsi deyəndə insanlar elə bilirlər ki, orada ər və arvad arasında olan şəxsi münasibətlər də yazılır. Xeyr. Ailə Məcəlləsinə görə, nikah müqaviləsində yalnız əmlak xarakterli məsələlər tənzimlənir. İnsanların hüquqi problemi ondan ibarətdir ki, vətəndaşlarımız nikah müqaviləsində nələrin yazıla biləcəyini və onun hansı hüquqi nəticələrə gətirib çıxaracağını bilmirlər. Bəzən isə hətta nikah müqaviləsinin əksinə təbliğat aparırlar. Deyirlər, bəs sevgi-məhəbbət olan yerdə nikah müqaviləsinə nə ehtiyac var? Burada əsas hüquqi problem budur. Nikah müqaviləsinin əsasən iş adamları və xarici vətəndaşlarla qurulan ailələr tərəfindən bağlanması isə göstərir ki, onlar əvvəlcədən bilirlər ki, gələcəkdə ailədə biznesləri və ya onlara məxsus əmlakla bağlı problemlər yarana bilər. Məsələn, həmin insan fikirləşir ki, maddi cəhətdən zəngin adamdır və ailə qurduğu şəxs gələcəkdə bu üsulla onun sərvətini əlindən qopara bilər. Elə nikah müqaviləsi də ondan ötrü bağlanır ki, gələcəkdə yarana bilən uzun məhkəmə çəkişmələrinin qarşısını bəri başdan alsın. Əgər bu məsələ vətəndaşlara düzgün izah edilsə, insanlar bilsələr ki, bu nədir və nəyə səbəb olur, o zaman ölkədə bağlanan nikah müqavilələrinin sayı arta bilər".

Dövlətin prioriteti nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, Komitə tərəfindən nikah müqaviləsinin bağlanmasının təşviq edilməsi ilə bağlı çoxsaylı kampaniyalar aparılsa da, nikah müqavilələrinin sayının artırılması dövlət tərəfindən heç də məqsəd kimi ortaya qoyulmayıb: "Nikah müqaviləsi institutu ötən əsrin 70-ci illərindən başlayaraq ABŞ-da, Böyük Britaniyada və digər inkişaf etmiş ölkələrdə geniş yayılıb. Bu ölkələrdə bağlanan nikah müavilələrinin sayı 20-25 faiz, hətta 30 faizə çatır. Rusiyada bu rəqəm təxminən 3-5 faiz, Gürcüstanda 1,5-2 faiz civarındadır. Azərbaycanda isə nikah müqavilələrini barmaqla saymaq olar. Bu geriliyin əsas səbəbi ailələrdə müəyyən stereotiplərin olmasıdır. Ailə quranların əksəriyyəti nikah müqaviləsini boşanma zamanı əmlakın bölgüsü məsələsi kimi başa düşürlər. Ona görə də buna müraciət etmirlər".

E.Səfərov qeyd edib ki, nikah müqaviləsi ilə bağlı Komitə tərəfindən Azərbaycanda aparılan sorğular göstərib ki, respondentlərin hər 10 nəfərindən yalnız 1-2-si bu müqaviləni bağlaya biləcəcəyini deyib, amma heç kim deməyib ki, mütləq bağlayacağam: "Stereotiplərə əsaslanan vətəndaşlar bildiriblər ki, biz nikaha ona görə girmirik ki, boşanaq, istəyirik ki, ailəmiz, uşaqlarımız olsun. Məsələ bundadır ki, gənclərin nikah müqaviləsini bağlamağa marağının olmaması ilə yanaşı, bu, onların valideynləri tərəfindən də nəinki məsləhət, ümumiyyətlə, heç müzakirə edilmir. Nikah müqaviləsinin müsbət tərəfi odur ki, əmlak məsələləri qeydiyyata alınanda boşanma zamanı əmlak bölgüsünə dair məhkəməyə çox nadir hallarda müraciət edilir. Yəni proses sadələşir, uzun çəkişmələrə ehtiyac qalmır. Azərbaycan təcrübəsi isə göstərir ki, nikah müqaviləsi olmadıqda boşanmadan sonra əmlak bölgüsü ilə bağlı məsələlər illərlə davam edir".

Şöbə müdiri hesab edir ki, bu gün Azərbaycanda həmin stereotiplərlə mübarizə aparılmalı, ailə üzvlərinin düşüncələrində dəyişiklik edilməlidir: "Bu isə uzunmüddətli prosesdir. Bu problemin həlli onilliklərlə çəkə bilər. Bunun üçün nəsillər dəyişməlidir. Çünki məsələn, bu gün 17-19 yaşlı gənclərdən ibarət kontingentlə işləyib onlara nəsə izah etmək olar, amma 40 yaşlı insanın stereotipini dəyişmək artıq demək olar ki, mümkün deyil. Lakin nikah müqaviləsinin bağlanması məcburi də ola bilməz. Bu müqavilənin formatı elədir ki, o yalnız razılıq əsasında bağlana bilər. Bu məsələdə imperativlik qeyri-mümkündür".

Qanunverici əsas

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Trend-ə bildirib ki, Azərbaycan mentaliteti Qərb mentalitetindən fərqləndiyindən nikah müqaviləsinə münasibət də başqadır.

V.Əhmədov qeyd edib ki, əslində Azərbaycanda əmlak siyahısı qədimlərdə həmişə olub və buna çox diqqət yetirilib: "Məsələn, qız ata evindən ər evinə köçürüləndə verilən cehizin siyahısı tutulurdu. Həmin siyahını qonşular və yaxın adamlar da təsdiq edirdilər. Lakin indi buna o qədər də əhəmiyyət verilmir. Çünki zəmanə tamamilə dəyişib, əmlak və ya iqtisadi məsələlərə o qədər də önəm verilmir. Düzdür, ağıllı adamlar bunu edirlər, təəssüf ki, onların sayı çox azdır. Ailə qurarkən nikah müqaviləsinin bağlanması vacib məsələdir. Xüsusən, sonradan boşanmalar olanda məhkəmələrdə və ya ailədaxili digər problemlər yarananda nikah müqaviləsinin və oradakı əmlak siyahısının böyük əhəmiyyəti olur. Nikah müqaviləsinin olması ailə quran insanlar üçün iqtisadi cəhətdən vacibdir. Bu, gələcəkdə hər hansı xoşagəlməz hal olduqda onların iqtisadi müstəqilliyinin təmin edilməsində, sığortalanmasında mühüm rol oynaya bilər. Bununla bağlı Azərbaycanda qanunvericilik bazası da var, lakin cəmiyyətin böyük hissəsi hələlik bunu o qədər qəbul etmir. Fikrimcə, hələlik nikah müqavilələrinin bağlanmasının qanunla məcburi edilməsinə ehtiyac da yoxdur. Çünki bu, bizə yaraşmaz".

Qeyd edək ki, Ailə Məcəlləsinin 38-ci maddəsinə görə, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

Məcəllənin 39-cu maddəsinə görə, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Məcəllənin 40-cı maddədə isə göstərilir ki, nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti