...

Ölülər üçün dirilərə qanun-qayda

Cəmiyyət Materials 4 Mart 2015 15:58 (UTC +04:00)
Azərbaycanda dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı qanun layihəsi işlənib və artıq hazır şəkildədir.
Ölülər üçün dirilərə qanun-qayda

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı qanun layihəsi işlənib və artıq hazır şəkildədir. Qanun layihəsinin Prezident Administrasiyasından yaxın zamanlarda Milli Məclisə daxil olacağı gözlənilir. Bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, dəfn mərasimləri və qəbiristanlıqla bağlı qanun layihəsinin bu yaxınlarda müzakirəyə çıxarılması gözlənilir: "Orada qəbir daşlarının eyni cür olması və digər standart və tələblər yer alacaq. Dünyada konkret standartlar əsasında yaradılan qəbiristanlıqlar mövcuddur".

H.Rəcəblinin fikrincə, Azərbaycan bu məsələdə bəzi İslam dövlətlərindən nümunə götürməlidir: "İslam dövlətlərinə bir baxın. Bu məsələdə onlardan öyrənməyə dəyər. Biz isə qəbiristanlıqlardan az qala muzeylər düzəltmişik. Bu da bizim yanlışlıqlarımızdan biridir. Bu yanlışlıq və eybəcərlik də bizə sovet dönəmindən miras qalıb. Biz sovet dönəmindən sonra dini qaydaları pozmuşuq. Artıq bu məsələdə də dəyişiklik etməyin vaxtı çatıb. Bu işdə tanınmış şəxslər, millət vəkilləri, nazirlər, biznesmenlər, imkanlı şəxslər cəmiyyətə nümunə göstərməlidirlər".

Özəl qəbiristanlıqların yaradılmasına gəlincə, komitə sədrinin fikrincə, bu məsələ hələlik ağlabatan deyil: "Ola bilər ki, özəl qəbiristanlıqların yaradılması məsələsi qanun layihəsində yer almasın. Çünki bu məsələdə hərc-mərcliyə yol vermək olmaz. Bu gün qəbiristanlıqların sahibi, onlara baxan, qulluq edən yoxdur. Onlar kimə tabedir, bilinmir. Əslində qəbiristanlıqlar ya bələdiyyələrə, ya da icra nümayəndəliklərinə verilməlidir. Hazırda ölkədə qəbiristanlıqların çoxu pis gündədir. Bu məsələdə kimdən nə tələb edəsən, Məlum deyil. Bununla bağlı qanunvericilikdə boşluqlar var. Bunlar hamısı dəqiqləşdirilməlidir".

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının bir müddət əvvəl Trend-ə verdiyi məlumata görə, qanun layihəsində dəfn mərasimlərinin keçirilməsi qaydaları, qəbir və onun üstündəki sinə və baş daşlarının standartları, qəbiristanlıqlara xidmət göstərilməsi, onların qorunması və s. məsələlərin yer alacağı, eləcə də qəbiristanlıqlarda torpaq yerlərinin ayrılmasına görə rüsumların müəyyənləşdiriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti