...

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

Cəmiyyət Materials 6 Mart 2015 10:58 (UTC +04:00)
14 mart tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.
Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

Azərbaycan, Bakı, 6 mart /Trend/

14 mart tarixində IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunacaq növbəti treninq təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinin ilk ayına münasib olan digər təbiət hadisələrinə həsr olunacaqdır.

Gənc təbiətsevərlərə bitkilərdə fotosintez prosesi, güllərin daxili və xarici quruluşu haqda ümumi məlumat veriləcək, onlara müxtəlif gül və çiçəklərlə əyani tanış olmaq imkanı yaradılacaqdır.

Təlim zamanı, həmçinin uşaqlar Novruz bayramının simvolu olan səməninin əkilməsi, təbii şəkildə güllərdən ətirlərin hazırlanması prosesində və müxtəlif maraqlı oyunlarda iştirak edəcəklər.

Mart laboratoriyası uşaqlarda təbiətin dirçəlməsi haqqında təsəvvür yaratmaqla yanaşı, həm də onların milli adət-ənənələrimizi erkən yaşlarından mənimsəmələrinə töhfə verəcəkdir.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti