...

Azərbaycan qadınları dövlətin diqqət və qayğısını hər zaman hiss edir

Cəmiyyət Materials 6 Mart 2015 11:21 (UTC +04:00)
Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb.
Azərbaycan qadınları dövlətin diqqət və qayğısını hər zaman hiss edir

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Azərbaycanın siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrdə öz sözünü demiş qadınlar xüsusilə XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Qadın emansipasiyası, qısa müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.

Təəssüf ki, əldə edilmiş nailiyyətlərlə yanaşı, keçmiş sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın məsələlərinin həlli və qadın inkişafı haqqında sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyətli, qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əməkdə öz potensialını ifadə etmək imkanları unudulurdu. Lakin Azərbaycan qadınları sosiumda aparıcı qüvvə olduqlarını ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində sübut edə biliblər.

Ulu öndər Heydər Əliyev qadın azadlığına və onların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət ayırıb

XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev qadın azadlığına və onların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət ayırıb. Buna misal kimi ötən əsrin 70-ci illərinin sonlarında Azərbaycanda həkimlərin 62 faizini qadınların təşkil etdiyini göstərmək olar. O zaman Ali Sovetin deputatlarının 37 nəfərinin qadın olması da, demək olar ki, Şərq qadınına diqqətin, etimadın bariz nümunəsi idi. Müqayisə üçün bildirək ki, o zamanlar ABŞ-da 12, İngiltərədə 26, Fransada 2, İtaliyada 33, İranda 7 qadın deputat var idi. Bu analogiya onu göstərir ki, Azərbaycanda qadınlarla bağlı siyasət hələ o zamandan başlayıb. Hələ o vaxt ulu öndər Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasına və onların elmlə məşğul olmasının stimullaşdırılmasına diqqət verməyi vacib məsələ kimi qarşıya qoyurdu.

Bütün bunların nəticəsi idi ki, ötən əsrin sonlarında müstəqillik uğrunda aparılan mübarizədə, həmçinin torpaqlarımızın Ermənistan tərəfindən işğalının qarşısının alınmasında qadınların cəsarətini və mübarizliyini gördük. Bu mənada demək olar ki, həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış ediblər.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında insanların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edirdi. Bu baxımdan qeyd edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar və bərabər imkanların olmaması üzündən arzularımız çox vaxt gerçəkləşə bilmirdi.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda total xaosun hökm sürməsi qadınların həyat və fəaliyyətinə öz mənfi təsirini göstərmişdi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu sahədə ciddi dönüş yarandı. "Qadın böyük qüvvədir" deyən ulu öndər qadınlara xüsusi hörmət və münasibətini formalaşdırdığı qadın siyasətində ifadə etdi. Məhz müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.

Ümummilli liderin 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyətlər verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisi idi.

2000-ci ilin mart ayının 6-da ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanı da ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdən idi. Bununla da qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Elə hazırda da yeni qadın təşkilatları formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirir.

Dövlət qadın siyasəti uğurla davam etdirilməkdədir

Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. "Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir" deyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, Heydər Əliyev siyasəti ardıcıl həyata keçirilir.

Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun, 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların qəbulu, onların həyata keçirilməsi isə cəmiyyətdə mövcud olan stereotiplərin aradan qalxmasına böyük imkanlar yaratdı.

Görülən işlərin nəticəsidir ki, son illərdə Azərbaycanın ictimai-siyasi, elmi-iqtisadi həyatında çox mühüm müsbət dəyişikliklər baş verməkdədir. Xüsusən qadın hərəkatı öz fəaliyyətini daha da gücləndirir.

Azərbaycan qadınları ictimai-siyasi proseslərin önündə gedən qüvvəyə çevrilib

Azərbaycanda müşahidə olunan sürətli iqtisadi inkişafın nəticəsi olaraq hər bir ölkə vətəndaşı öz peşəkar həyatında böyük uğurlar qazanmaq imkanları əldə edib. Təcrübə göstərir ki, demokratik inkişaf yolu seçən hər bir müasir cəmiyyətdə zamanın dinamikası yeni vərdişlər, yeni bacarıqlar tələb edir. Bu da qadınları cəmiyyət həyatında daha fəal iştirak etməyə sövq edir. Bu gün Azərbaycan xanımları cəmiyyət həyatının hər bir sahəsinə sürətlə inteqrasiya olunmaqdan əlavə, öz fəaliyyətlərində, işlərində, həyata keçirilən yeni layihələrdə böyük inkişaf nümayiş etdirirlər.

Qadınlar onların problemlərinə dövlət səviyyəsində diqqət və qayğını həmişə hiss edirlər. Yeni qanunvericilik aktları, Azərbaycan Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, gender siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının, qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahədə böyük işlərin görüldüyünü əyani surətdə nümayiş etdirir.

Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. 2010-cu ildə keçirilən parlament seçkisinin nəticələrində də qadın millət vəkillərinin sayının artdığını müşahidə etdik. Bu uğurlar son bələdiyyə seçkilərində bir daha özünü qabarıq şəkildə göstərdi. Qadınların bələdiyyələrdə təmsilçiliyi 30 faizdən artıq oldu. Bu, qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir.

Sevindirici haldır ki, artıq qadınlarımız yaşadıqları yerlərdə müəllim, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, bələdiyyələrdə təmsil olunmağa da maraq göstərirlər. Onların bələdiyyələrdə təmsilçiliyi olduqca vacib məsələdir. Bu gün əgər biz kəndlərdə qızlarımızın erkən nikahı problemindən və ya kənddə yaşayan qadınların ortaya çıxan problemlərindən, o cümlədən kəndlərdəki sosial problemlərdən danışırıqsa, sözügedən çatışmazlıqların aradan qaldırılmasında həmin qadınların böyük rolu ola bilər.

Bu məsələlərdə Azərbaycanın qeyri-hökumət təşkilatları da fəallıq nümayiş etdirirlər. Ölkəmizdə qadın problemləri üzrə ixtisaslaşmış 100-ə yaxın QHT fəaliyyət göstərir. Bu təşkilatların hər biri ayrı-ayrı istiqamətlər üzrə layihələr həyata keçirirlər. Bu layihələr çoxşaxəlidir. Bu gün layihələr həyata keçirən təşkilatlara dövlət tərəfindən yüksək səviyyədə dəstək verilir, onlara maliyyə yardımı ayrılır. Həmin təşkilatlar öz layihələrini əlaqədar dövlət qurumları ilə birgə həyata keçirirlər. QHT-lərin bəziləri bir sıra beynəlxalq təşkilatlarla da çox sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Onlardan biri də, əlbəttə ki, "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyidir.

Mehriban xanım Əliyeva Azərbaycan qadınlarına örnəkdir

Söylənilənlərin fonunda xüsusilə qeyd olunmalıdır ki, qadınlar bütün spektrlər üzrə işlərində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzedilməz töhfələrini örnək götürürlər.

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı, Azərbaycan adət-ənənələrinin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyevanın obrazı Azərbaycan qadınlarının dünyabaxışında, gələcəyində mühüm rol oynayacaq. Mehriban xanım Əliyevanın Azərbaycanın həyatındakı çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər qadınlara əsl örnəkdir. Birinci xanım ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi respublikamızda xeyriyyəçilik ideyalarının bərqərar edilməsində, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, şifahi ədəbi və musiqi irsinin qorunub saxlanılması yolunda böyük zəhmət sərf edir. Bu gün Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının önündə gedərək beynəlxalq təşkilatlarda xanımlarımızı ləyaqətlə təmsil edir. Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübutdur.

Bir sözlə, bu gün qadınlar yaranmış imkanlardan və şəraitdən istifadə etməlidirlər. Qadınlar diqqət və qayğıdan yararlanaraq, yaxşı ana, nümunəvi həyat yoldaşı və ümumbəşəri ideallara sadiq layiqli vətəndaş olmalıdır. "Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir" deyən Prezident İlham Əliyevin etimadını doğrultmalıyıq.

Kəmalə Məmmədova

"Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin sədri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti