...

Bakı Ali Neft Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd olundu (FOTO)

Cəmiyyət Materials 6 Mart 2015 16:04 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Bakı Ali Neft Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd olundu (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bakı Ali Neft Məktəbində (BANM) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, BANM-in professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-də çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edərək, hər birinə bahar əhvali-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzu edib. Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial və mədəni həyatındakı önəmli rolundan bəhs edərək, onların hal hazırda ölkəmizin dövlət idarəetmə strukturlarında, o cümlədən dövlət müəssisələrində və özəl sektorlarda rəhbər vəzifələrdə çalışdıqlarını qeyd etdi. Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan, mövqeyindən söz açaraq, onların həm mərd və cəsarətli, həm də qayğıkeş ana olaraq öz ailəsi üçün hər zaman dayaq və dəstək olduqlarını dedi.

Rektor Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs hüququnu əldə etdiyini qeyd etdi. O, həmçinin Azərbaycan qadınlarının cəmiyyətimizin tam hüquqlu üzvləri olması, ölkənin hər sahəsində fəal iştirak etmələri, istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət həyatında rollarının artırılması, onlara düzgün dəyər verilməsi və hüquqlarının qorunması istiqamətində aparılan dövlət siyasətinin öz bəhrəsini verdiyini dedi. E.Qasımov BANM-in kollektivinin xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərək, onlara dəyərli hədiyyələr təqdim etdi. Bununla yanaşı, SOCAR-ın Təlim, tədris və sertifikatlaşdırma idarəsinin "Liderlik" maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirmiş BANM-in qadın əməkdaşlarına sertifikatlar təqdim olundu.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini A.Sofiyeva öz çıxışında BANM-də olmağından məmnunluq ifadə etdi. O, Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə yüksək mövqe tutduğunu, onlara kişilərlə bərabər hüquqlar və imkanlar verildiyini, eyni zamanda Azərbaycan qadınlarının mötəbər qurumlarda təmsil olunduğunu qeyd etdi. Sədr müavini təmsil etdiyi qurumun fəaliyyətinin də məhz bu istiqamətdə qurulduğunu dedi. A.Sofiyeva BANM-in xanım əməkdaşlarını və tələbə qızları təbrik edərək, hər birinə ailə səadəti, xoşbəxtlik, onlara ali məktəbdəki fəaliyyətlərində uğurlar arzuladı.

Sonda tələbələr xanımlara həsr olunmuş musiqili kompozisiyanı nümayış etdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti