...

"Tarix boyu Azərbaycan qadınları öz həyat yoldaşları ilə birgə torpaqlarımızın müdafiəsinə qalxıblar"

Cəmiyyət Materials 6 Mart 2015 18:02 (UTC +04:00)
Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.
"Tarix boyu Azərbaycan qadınları öz həyat yoldaşları ilə birgə torpaqlarımızın müdafiəsinə qalxıblar"

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın müdafiə naziri Azərbaycan qadınlarını təbrik edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.

Nazir xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirib: "Tarix boyu Azərbaycan qadınları öz Vətəninə, xalqına, dövlətinə sadiq olaraq öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Vətən üçün ləyaqətli övladlar tərbiyə etmiş, yeri gələndə qılınca qurşanaraq öz həyat yoldaşları ilə birlikdə çiyin-çiyinə müqəddəs torpaqlarımızın müdafiəsinə qalxmış və bu gün də bu missiyanı şərəflə davam etdirirlər.

Ölkənin ictimai-siyasi, mədəni, elmi, pedaqoji həyatında, müxtəlif sahələrdə olduğu kimi, hərbi peşəni seçən və taleyini Vətənə xidmət peşəsinə həsr edən qadınlarımız da kifayət qədərdir. Ölkə rəhbərliyi onların xidmətlərini həmişə yüksək qiymətləndirir".

Z.Həsənov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında bu gün bütün dünya Azərbaycan qadınlarının nəyə qadir olduğunu görür və qiymətləndirir.

Nazir bu bayram günündə şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanları Gültəkin və Salatın Əsgərovaların, "Azərbaycan Bayrağı" ordenli Məleykə Əhmədova, Qaratel Mahmudova, Rahilə Orucova və digər neçə-neçə mübariz qadınlarımızın xatirəsini hörmət və ehtiramla yad etdiyini, onların doğmalarına, ümumiyyətlə, bütün şəhid analarına, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarına bayram təbrikini çatdıraraq, onlara səbr, təmkin və dözüm arzuladığını bildirib: "Müstəqil respublikamızın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olan Azərbaycan əsgərlərinin analarının xidmətlərini bu gün xüsusi olaraq qeyd edirəm.

Veteran qadınlarımıza, eləcə də hazırda Silahlı Qüvvələrimizdə xidmət edən qadın hərbi qulluqçulara, dövlət qulluqçularına və mülki işçilərə möhkəm cansağlığı, xoşbəxt, firavan həyat, ailə səadəti və Vətən naminə çətin və şərəfli xidmətlərində daha böyük uğurlar qazanmağı arzulayıram. Əmin olduğumu bildirirəm ki, siz bundan sonra da ulu öndərimizin ideyalarına sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qadınlarımıza göstərdiyi etimadı, diqqət və qayğını nəcib əməlləriniz və vicdanlı xidmətlərinizlə doğruldacaqsınız. Bayramınız mübarək olsun, əziz xanımlar!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti