...

ARGTMŞ hesabat verdi

Cəmiyyət Materials 11 Mart 2015 16:40 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 2014-cü il üzrə hesabat konfransı keçirilib.
ARGTMŞ hesabat verdi

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 2014-cü il üzrə hesabat konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda dövlət rəsmiləri, ARGTMŞ-nin tərəfdaşları, üzvü olan gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən ARGTMŞ sədri Şahin Seyidzadə Şuranın 2014-cü ildəki fəaliyyəti barədə ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2014-cü ildə də fəaliyyətini 3G strategiyası ətrafında davam etdirib.

O, qeyd edib ki, ARGTMŞ ötən il ərzində dünyanın və Avropanın ən böyük gənclər platformalarının idarə heyətinin iclasına ev sahibliyi edib: "Eyni zamanda, təşkilat dünyanın ən böyük gənclər platforması olan "Dünya Gənclər Asambleyası"nın (WAY) idarə heyətinin üzvü seçilib. Təşkilat strategiyası çərçivəsində BMT-nin gənclər proqramları çərçivəsində mühüm tədbirlərdə iştirak edib və əməkdaşlıq əlaqələri qurub. Fəaliyyətinin bütün mərhələlərində ARGTMŞ dövlətin prioritetlərini dəstəkləyib, dünyanın aparıcı gənclər platformalarında Azərbaycanı təmsil edib və maraqlarını qoruyub. Təşkilatın fəaliyyətində gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində bir sıra mühüm fəaliyyətlər həyata keçirilib və üzv təşkilatların inkişafı üçün bir sıra tədbirlər keçirilib".

Ş.Seyidzadə, həmçinin təşkilatın Dövlət Gənclər Proqramının bir sıra maddələrinin icrası və Azərbaycan Gənclər Siyasətinə dəstək verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb.

ARGTMŞ sədri 2015-ci ildə təşkilatın görəcəyi işlərdən də söz açaraq qeyd edib ki, 2015-ci ilin payızında Şura 300 nəfərin iştirakı ilə Avropa Gənclər Forumunun Üzvlərinin Məclisinə ev sahibliyi edəcək.

Daha sonra tədbir zamanı 1995-ci ildən bəri fəaliyyət göstərən ARGTMŞ-nin 20 illik konsepsiyası nümayiş etdirilib və BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavinin 20 illiklə bağlı təbrik məktubu oxunulub.

Tədbir zamanı 2014-cü ildə Azərbaycan Gənclər və İdman Nazirliyi və ARGTMŞ tərəfindən həyata keçirilən "Azərbaycan Könüllülük Xidməti" proqramının hesabatı dinlənilib və "İlin Könülüsü" mükafatının təltif etmə mərasimi keçirilib.

Tədbirin gedişatında 2015-ci ildə ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə start verilən və kənd gənclərinin inkişafını nəzərdə tutan "Yerli Gənc" proqramının təqdimat mərasimi keçirilib. Qeyd olunub ki, proqram Azərbaycan Respublikası Prezidenti tərəfindən "Kənd təsərrüfatı ili" elan olunması ilə kəndlərdə insan kapitalının inkişafı zərurətini nəzərə alaraq həyata keçirilir.

Tədbir rəsmi çıxışlarla davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti