...

Azərbaycanda müəllimlər üçün yeni müsabiqə

Cəmiyyət Materials 17 Mart 2015 17:30 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyi ümumtəhsil məktəb müəllimləri arasında “Həyat bilgisi və maliyyə savadlılığı” adlı müsabiqə elan edir.
Azərbaycanda müəllimlər üçün yeni müsabiqə

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyi ümumtəhsil məktəb müəllimləri arasında "Həyat bilgisi və maliyyə savadlılığı" adlı müsabiqə elan edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Mərkəzi Bank və nazirliyin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və AccessBank-ın dəstəyi ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində respublika ümumtəhsil məktəb müəllimləri arasında "Həyat bilgisi və maliyyə savadlılığı" adlı müsabiqəyə martın 18-dən start verilir.

Müsabiqənin keçirilməsində məqsəd ümumtəhsil məktəb müəllimləri arasında Həyat bilgisi fənninin "Fərd və cəmiyyət" məzmun xəttinin "Cəmiyyətin sosial-iqtisadi həyatı" alt-xətti üzrə elektron təhsil resursları hazırlamaq, müəllimlərin maliyyə savadlılığını artırmaq, eləcə də hazırlanacaq resursların təhsil şəbəkələrində paylaşılaraq müəllimlər arasında yayılmasını təmin etməkdir.

Müsabiqə 30 gün davam etməklə "Maliyyə savadlılığına aid ən yaxşı resurs" nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi internet səhifələrində yerləşdiriləcək.

İştirak etmək istəyənlər hazırladıqları elektron təhsil resurslarını 17 aprel 2015-ci il tarixinədək www.musabiqe.edu.az saytına yükləməlidirlər. Maraqlananlar ətraflı məlumat üçün eyni sayta müraciət edə bilərlər.

Müsabiqədə I, II və III yerləri tutan müəllimlərə noutbuk, printer, skaner təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti