...

Daşkənddə Naftalan haqqında özbək və rus dillərində kitab nəşr olunub

Cəmiyyət Materials 30 Mart 2015 18:36 (UTC +04:00)
Daşkənddə Azərbaycanın Naftalan müalicə-istirahət mərkəzi haqqında özbək və rus dillərində kitab hazırlanıb.
Daşkənddə Naftalan haqqında özbək və rus dillərində kitab nəşr olunub

Azərbaycan, Bakı, 30 mart /Trend/

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycanın Naftalan müalicə-istirahət mərkəzi haqqında "Муъжизавий Нафталан: Озарбойжон" adlı məlumat nəşri hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, məlumat nəşri iki dildə - özbək və rus dillərindədir.

Nəşrin hazırlanmasında əsas məqsəd Azərbaycanın turizm resurslarının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən özbək turistlərə informasiya dəstəyi göstərməkdir.

Kitabda ilkin olaraq Azərbaycanın qərbində yerləşən Naftalan şəhəri haqqında məlumat verilir, öz möcüzəsi və şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xarakteristikası, burada yaradılmış və müasir standartlara cavab verən şərait, hotel, sanatoriyaların xidmətləri geniş işıqlandırılır.

1926-cı ildən fəaliyyətə başlayan Naftalan sanatoriyalarının Sovet dövründə və bu gün, müstəqillik dövründə dünyanın müxtəlif yerlərindən gələn xəstələrə şəfa verdiyi və 70-ə yaxın xəstəliyin müalicəsi üçün Naftalan neftinin faydalı olduğu nəşrdə qeyd olunur.

İlk dəfə olaraq məlumat nəşrində maraqlananlar Naftalan şəhərində fəaliyyət göstərən hotellər, buradakı xidmətlər, qiymətlər barədə məlumat əldə edə bilərlər.

Qeyd edək ki, Özbəkistanda Naftalan müalicəvi sanatoriyalarına böyük maraq var. Məhz bu layihənin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cari ilin yay aylarında özbəklər üçün öz hesablarına Naftalana on günlük müalicə turu təşkil ediləcək. Layihəyə Azərbaycandan "My Travel" turizm şirkəti də təşkilati dəstək göstərəcək. Bu məqsədlə nəşrin sonunda sifarişçilər üçün bu şəhərdə müalicə turunu təşkil edən əlaqələndirici təşkilatların məlumatları da daxil edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Naftalana müalicə turu və "Муъжизавий Нафталан: Озарбойжон" kitabının cari ilin 10 aprel tarixində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində geniş ictimaiyyətin iştirakı ilə təqdimatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti