...

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində regionlar da iştirak edəcək (FOTO)

Cəmiyyət Materials 31 Mart 2015 16:16 (UTC +04:00)
Bakıda keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində regionlar da iştirak edəcək.
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində regionlar da iştirak edəcək (FOTO)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Aprelin 2-dən 4-dək "Bakı Ekspo Mərkəzi"ndə 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2015) sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan sərgi çərçivəsində Azərbaycanın turizm potensiallı bölgələrinin pavilyonları quraşdırılacaq, rayon və şəhərlər müvafiq stendlərlə təmsil olunacaq.

Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsinin stendi də nazirlik tərəfindən hazırlanaraq ziyarətçilərə təqdim olunacaq. Qarabağ pavilyonunda Şuşa, Ağdam, Füzuli və Bərdə rayonları təmsil olunacaq.

Respublikamızın bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin, turizm şirkətlərinin, əl sənətkarlarının, milli mətbəx nümunələrinin, həmçinin folklor qruplarının, tarixi abidələrin, muzeylərin və turizm nümayişi obyektlərinin təmsil olunması nəzərdə tutulan sərginin keçirilməsində əsas məqsəd bölgələrin turizm potensialını daha geniş miqyasda təşviq etdirməkdir.

Qeyd edək ki, 2001-ci ildən başlayaraq hər il Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir. 2010-cu ildən etibarən sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edir. Ölkə başçısının ardıcıl olaraq bu sərgini ziyarət etməsi turizm sənayesinin Azərbaycan iqtisadiyyatında oynadığı mühüm və əhəmiyyətli rolun, habelə sərginin yüksək statusunun göstəricisidir. İlbəil iştirakçıları və ziyarətçilərinin sayında artım müşahidə olunan sərgidə 2014-cü ildə 38 ölkədən 400 şirkət, həmçinin Azərbaycanın 18 şəhəri (rayonu) təmsil olunub və 7941 nəfər ziyarətçi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti