...

Pakistanın nüfuzlu nəşrlərində 31 mart soyqırımı ilə bağlı məqalələr dərc edilib

Cəmiyyət Materials 31 Mart 2015 17:41 (UTC +04:00)
Pakistanın nüfuzlu “Centreline” jurnalı, “DNA” informasiya agentliyi və urdu dilli “Daily İnsaaf” qəzetində "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı məqalə dərc edilib.
Pakistanın nüfuzlu nəşrlərində 31 mart soyqırımı ilə bağlı məqalələr dərc edilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Pakistanın nüfuzlu "Centreline" jurnalı, "DNA" informasiya agentliyi və urdu dilli "Daily İnsaaf" qəzetində "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" adlı məqalə dərc edilib. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 26 mart 1998-ci il tarixində 31 mart gününü Azərbaycanlıların Soyqırımı Günü elan etdiyi qeyd olunur: "Birinci Dünya müharibəsi və Rusiyada 1917-ci ilin fevral və oktyabr inqilablarından sui-istifadə edən ermənilər bolşevik şüarları altında öz məkrli planlarını həyata keçirməyə başlamış və 1918-ci ilin mart ayında Bakı Kommunası Bakı əyalətindən azərbaycanlıları tamamilə ləğv etmək haqqında cinayətkar planını həyata keçirməyə başlamışdır".

Yazıda Azərbaycan xalqının hər ilin 31 martında kütləvi etnik təmizləmə və soyqırımı qurbanlarını yad etdiyi bildirilir.

Daha sonra məqalədə Azərbaycanın tarixinə nəzər yetirərək, Gülüstan və Türkmənçay müqavilələri barədə danışılır. Bildirilir ki, bu sazişlər nəticəsində Azərbaycan parçalanmış, onun tarixi əraziləri olan Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər ərazilərə İran və Türkiyədən ermənilər köçürülmüşdür. Bütün bunlara baxmayaraq, azərbaycanlılar bu ərazilərdə çoxluq təşkil etmiş və məhz bu səbəbdən də "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər Azərbaycanlılara qarşı soyqırımı siyasətini tətbiq etmişlər. Azərbaycan torpaqlarının işğalı da bu siyasətin ayrılmaz bir hissəsi olmuşdur.

Yazıda 1905-1907-ci illərdə minlərlə günahsız azərbaycanlının ermənilər tərəfindən öldürüldüyü vurğulanmışdır. Qeyd olunmuşdur ki, Birinci Dünya müharibəsindən sonra Rusiya bolşeviklərinin başçısı V.Lenin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin edərək onu Bakıya göndərmişdir. Bakıda hakimiyyəti ələ keçirən bolşeviklər azərbaycanlıları tamamilə məhv etmək üçün ermənilərə şərait yaratmışdır. Martın 3-də 6 min Bakı soveti əsgəri və 4 min daşnakçı azərbaycanlılara qarşı soyqırımı əməliyyatına başlamışdır. Qısa bir müddət ərzində Bakının əksər bir hissəsi dağıdılmışdır. Bununla yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində də kütləvi qırğınlar törədilmişdir.

Sonra məqalədə 28 may 1918-ci ildə siyasi müstəqilliyini əldə etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanda baş vermiş hadisələrə siyasi qiymət verdiyi, 31 mart gününü 1919 və 1920-ci illərdə ümummilli hüzn günü kimi qeyd etdiyi vurğulanmışdır.

Məqalədə 31 mart 1918-ci il hadisələri zamanı soyqırıma məruz qalmış insanların sayı haqqında yazılarkən, "Nyu York Tayms" qəzetinə istinad edilərək bu rəqəmin təkcə Bakıda 12 min olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, 1919-cu ildə keçirilmiş Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti ermənilərin Bakı hadisələrində əsas rol oynayaraq 12 min qadın, uşaq və ahılı öldürdüklərini bildirmişdir.

Pakistan mətbuatında dərc edilmiş məqalədə ermənilərin soyqırımı siyasətini davam etdirərək 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla məhv etdikləri vurğulanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti