...

Azərbaycanda dini radikalizmlə mübarizə tədbirləri davam etdirilir

Cəmiyyət Materials 1 Aprel 2015 12:59 (UTC +04:00)
Şirvanda radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib.
Azərbaycanda dini radikalizmlə mübarizə tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/

Şirvanda radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 31-də Şirvan şəhərində Daxili İşlər Nazirliyinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi növbəti seminar-treninq keçirilib. Tədbirdə Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Saatlı rayon polis şöbələrinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Tədbiri DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, Polis Akademiyasının dosenti Hikmət Eyvazov giriş sözü ilə açaraq 31 mart soyqırımı barədə qısa məlumat verdikdən sonra seminar iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra H.Eyvazov "Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə" mövzusunda məruzə edib. Məruzəçi Azərbaycanda tarixən mövcud olmuş və bu gün də davam edən, dünyaya nümunə ola biləcək tolerantlıq mühitindən söz açaraq, bu amildən sui-istifadə etməyə cəhd göstərən bəzi qeyri-ənənəvi dini cərəyan mənsublarının zərərli fəaliyyətinə diqqəti cəlb edərək, DİN-in DQİDK və digər qurumlarla birgə həyata keçirdiyi profilaktik tədbirlər barədə geniş məlumat verib.

Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı radikal qeyri-ənənəvi dini cərəyanların ölkəmizdə yayılmasının əsas səbəbləri, onların təbliğat forma və metodları, hədəf aldıqları kontingent, həmçinin, istifadə etdikləri psixolji təsir vasitələri barədə danışıb və onlara qarşı əsasən üç istiqamətdə - hüquqi-inzibati yol, iqtisadi-maliyyə mənbələrinin məhdudlaşdırılması və dini maarifləndirmə - mübarizə tədbirlərinin aparıldığını qeyd edib. Komitə rəsmisi hüquq-mühafizə orqanlarının bu sahədə həyata keçirdiyi tədbirləri və əməkdaşlığı yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti