...

Nazirlik: İqtisadi böhran Azərbaycan turizminə də təsir göstərə bilər

Cəmiyyət Materials 1 Aprel 2015 13:29 (UTC +04:00)
Dünyada baş verən iqtisadi böhran Azərbaycan turizminə də müəyyən qədər təsir göstərə bilər.
Nazirlik: İqtisadi böhran Azərbaycan turizminə də təsir göstərə bilər

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Dünyada baş verən iqtisadi böhran Azərbaycan turizminə də müəyyən qədər təsir göstərə bilər.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün AİTF-2015 sərgisinin açılış mərasiminə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycana ən çox turistlər sərhəd ölkələrdən-Rusiya, Türkiyə, İran və Gürcüstandan gəlir: " Son iki-üç ildə dünyada baş verən iqtisadi böhran insanların maliyyə vəziyyətinin dəyişməsinə gətirib çıxarıb. Әgər kimsə 2-3 il əvvəl hansısa ölkəyə səfər edirdisə, son illərdə yəqin ki, " maliyyə vəsaitim buna imkan verməz" deyə fikirləşir. Әlbəttə ki, bu baxımdan böhran turizmə məyyən faiz həcmində təsir edə bilər".

A.İsmiyev qeyd edib ki, iqtisadi böhranlar Azərbaycan hotellərində xidmətlərin qiymətlərinin artımına səbəb olmayıb. Bu da Azərbaycana gələn turistlər üçün faydalı olur.

Nazirlik rəsmisinin sözlərinə görə, bu baxımdan Azərbaycana gələn turistlərin sayı arta bilər. Amma getmə turizmi ilə bağlı müəyyən qiymət artımı müşahidə oluna bilər: "Turizm şirkətləri xarici ölkələrin hotellərindəki yerləri avro və dollarla alırlar. Sonra da məzənnə nəzərə alındıqda onlar öz turlarını təqdim edən zaman qiymət əlbəttə ki, qalxmış olur. İki il bundan əvvəl olan qiymət indi heç cür ola bilməz".

A.İsmiyev bildirib ki, bir necə il əvvəl Azərbaycanı çox az ölkə turizm ölkəsi kimi tanıyırdısa, indi artıq Azərbaycanı turizm ölkəsi kimi tanıyan ölkələrin sayı artıb: "Artıq Azərbaycanı dünyada turizm ölkəsi kimi tanıyırlar. Azərbaycan artıq dünyada öz yerini tutub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti