...

Mikayıl Cabbarov: Əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrları tapa bimirik

Cəmiyyət Materials 2 Aprel 2015 10:49 (UTC +04:00)
Yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrları tapa bimirik.
Mikayıl Cabbarov: Əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrları tapa bimirik

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/

"Yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrları tapa bimirik. Məcbur oluruq ki, qonşu, bəzən də hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət edək".

Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyindən xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimində bildirib.

Mərasimdə məlumat verilib ki, Təhsil Nazirliyi ilə "Abşeron Hotel Group" MMC arasında razlaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiriləcək. Təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində bakıda veriləcək yeni beşulduzlu "Bulvar Hotel" və "İnturist Hotel" mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır.

Layihələrlə tanışlıq mərasimində çıxış edən nazir M.Cabbarov peşə təhsili sahəsində belə miqyasda təlim layihəsinin ilk dəfə həyata keçirildiyini deyib. Nazir bu layihənin turizm-xidmət sahəsinin kadrlarla təmin olunmasına böyük töhfə verəcəyəini vurğulayaraq təlimlərdən keçən gənclərin Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda və "Abşeron Hotel Group" MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işlə təmin olunmaq şansı qazanacaqlarını da söyləyib:

"Yüksək peşəkarlığa malik işçi hər yerdə qəbul olunur, maddi rifahı yüksək olur, işəgötürənlər onun üçün rəqabət aparırlar. Bunun üçün peşə təhsilinin keyfiyyətindən və özümüzə tələbkarlığımızdan çox şey asılıdır. Bu sahənin təhsil sistemində xüsusi rolu var. Başlıca səbəb oldur ki, Azərbaycan müsbət demoqrafik inkişafa malik ölkədir. Əhalinin və gənclərin artımı ölkənin iqtisadi inkişafına töhfə verir. Onların əmək fəaliyyətinə hazırlıq keyfiyyəti ölkə iqtisadiyyatının rəqabətə dözmlülüyünü, mal və məhsulların, təklif olunan xidmətlərin keyfiyyətini birləşdirir".

M.Cabbarov qeyd edib ki, Azərbaycada iqtisadiyyatın inkişaf sürəti elədir ki, yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrları tapmaq olmur: "Məcbur oluruq ki, qonşu, bəzən isə hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət edək. Bu baxımdan peşə təhsilinin qarşısında bu yeni imkan və çağırışdır. Biz o səviyyədə bu işi görməliyik ki, dünyadakı ən yüksək keyfiyyət standartına uyğun olsun. Bu prizmadan başlanan bu layihənin böyük önəmi var. Dünyada turizm sahəsində obyektlərin, hotellərin idarə edilməsində kadr ehtiyacı bu peşə məktəbindəki kadrlardan istifadə etməklə kadr hazırlığına start veririk. Bir neçə aydan sonra buradakı gənclər yeni bilik və vərdişlərlə məktəbi tərk edib, yüksək keyfiyyətli peşəkarlar olacaq və işlədiyiniz şirkətlərə, eləcə də Vətənimizə xidmət edəcəklər. Bu məsələdə işəgötürənlərlə peşə məktəbləri arasında sıx əlaqə olmalıdır. Bu əlaqə olmadan bu işin səmərəsi olmayacaq. "Müasir Azərbaycan Peşəkarları" layihəsinin qayəsini də bu təşkil edir".

Nazir həmçinin qeyd edib ki, Azərbaycanın tarixində, Avropanın və dünyanın idman tarixində ilk dəfə olaraq Bakıda Avropa Oyunları keçiriləcək. O bildirib ki, bu Oyunlara gələcək idmançıların sayı Qış Olimpiya Oyunlarında iştirak edən idmançıların sayından çox olacaq: "Ona görə də Azəbaycana gələn qonarlarda ölkə barədə rəy yaradanlardan biri də bu zaldakı gənclər olacaq. Bu baxımdan sizin hər biriniz, hər birimiz ölkəmizin səfirləriyik".

"Abşeron Hotel Group" MMC-nin direktoru Mark Harald Ehler isə çıxışında 2015-ci ilin iyununda keçiriləcək Avropa Oyunları ilə əlaqədar ölkəmizə idmançılarla birgə çoxsaylı qonaqların gələcəyini xatırladıb. Bunun üçün xidmət sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı kadrların peşəkarlıq səviyyəsinin artırılması da əsas məsələlərdəndir.

Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində keçirilən təlim prosesini izləyiblər. Daha sonra, tədbir iştirakçıları "Müasir Azərbaycan peşəkarları" layihəsi çərçivəsində yeni yaradılmış mühafizəçi kurslarının təlim otaqları ilə tanış olub, "Eldar studio" şirkəti ilə birgə tədris olunan bərbərlik ixtisası üzrə təlim prosisini izləyiblər.

Tədbirdə nazirliyin digər rəbər şəxsləri, xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti