...

"Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri” mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 13 Aprel 2015 14:46 (UTC +04:00)
Azərbaycanın Vyetnamdakı Səfirliyi və Hanoy şəhərində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin araşdırmaları mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri” mövzusunda konfrans keçirilib.
"Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri” mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın Vyetnamdakı Səfirliyi və Hanoy şəhərində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin araşdırmaları mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri" mövzusunda konfrans keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransda Vyetnam tərəfindən Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin Prezidenti Akademik Dang Vu Minh, Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin Sədr müavini Ngo Duk Manh, Vyetnamın Dalat Şəhərinin Xalq Komitəsinin Mədəniyyət, İdman və Turizm Departamentinin direktor müavini, Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin rəsmiləri, Vyetnam Universitetlərinin və Elmi İnstitutlarının müəllim, tələbə və tədqiqatçıları, "Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri mövzusunda keçirilmiş inşa müsabiqəsinin qalibləri, media nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan tərəfindən ADA Universitetinin Prorektoru Fariz İsmayılzadə və Şəki Şəhəri İcra Hakimiyyəti Başçısının müavini Xəlil Xəlilov iştirak edib.

Konfransı giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov zəngin mədəni irsə malik olan Azərbaycan və Vyetnam xalqları arasında tarixən dostluq münasibətlərinin mövcud olduğunu vurğuladı.

Səfir iki xalq arasında mövcud olan bu dostluq münasibətlərinin əsasının Vyetnam Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri kimi 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu bildirib.

Səfir Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin son illər daha da inkişaf etdiyini vurğulayıb və 18-19 may 2014-cü il tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin ölkələrimiz və xalqlarımız arasında müxtəlif sahələr üzrə, o cümlədən mədəniyyət sahəsi üzrə əməkdaşlığın inkişafı baxımından tarixi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Çıxış zamanı səfir A.İmanov Azərbaycanın mədəni irsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib, Azərbaycan və Vyetnam xalqlarının adəd-ənənələrində oxşarlıqlar barədə danışıb.

Daha sonra çıxış edən D.V.Minh qədim tarixə və zəngin mədəni irsə malik olan Azərbaycan və Vyetnam xalqlarının tarixən bir çox işğallara məruz qalmasına, müharibələrlə üzləşməsinə baxmayaraq öz milli xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlamağı bacardığını söyləyib. O, xüsusilə müharibə dövrü Vyetnamın ağır günlərində Azərbaycan xalqının Vyetnam xalqına dəstəyinin əsl dostluq nümunəsi olduğunu qeyd edib.

F.İsmayılzadə isə təhsil sahəsinin ölkələrimiz arasında əsas əməkdaşlıq sahələrindən biri olduğunu qeyd edərək, hələ 70-80-ci illərdə çoxlu sayda vyetnamlı tələbələrin Azərbaycan universitetlərində təhsil aldığını və onların iki ölkə arasında mədəniyyətlərin mübadiləsi prosesinə böyük töhfə verdiyini söyləyib.

O, bu tendensiyanın hazırda davam etdirilməsininin vacibliyini vurğulayıb və təhsil sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsinin mədəni sahədə də əlaqələrin genişlənməsinə təkan verəcəyini qeyd edib. F.İsmayılzadə, hazırda ADA Universitetində üç nəfər vyetnamlı tələbənin təhsil aldığını və universitetin bu sayın artırılmasında maraqlı olduğunu bildirib. Daha sonra o, ADA Universitetində təhsil imkanları barədə tədbir iştirakçılarına məlumat verib.

N.D.Minh çıxışında Azərbaycanda təhsil aldıqları zaman ölkəmizin mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olduğunu, Azərbaycanı özlərinin ikinci vətəni hesab etdiyini söyləyib.

Daha sonra çıxış edən X.Xəlilov Şəkinin qədim tarixə, gözəl təbiətə və zəngin mədəni irsə sahib olması barədə tədbir iştirakçılarına məlumat verib. O, son illər Şəkinin beynəlxalq səviyyəli ictimai və mədəni sahədə müxtəlif tədbirlərə, festivallara ev sahibliyi etdiyini bildirib. X.Xəlilov Şəkinin Vyetnamın regionları ilə mədəniyyət və turizm sahəsində, ipək istehsalı sahəsində əməkdaşlıq etmək üçün böyük potensialının olduğunu vurğulayıb.

Vyetnamın Dalat Şəhərinin Xalq Komitəsinin Mədəniyyət, İdman və Turizm Departamentinin direktor müavini Nguyen Thi Bich çıxışı zamanı təmsil etdiyi şəhərin Vyetnamın mədəniyyət və turizm sahəsində tutduğu yeri barədə məlumat verib.

Konfrans zamanı Dalat və Şəki şəhərləri arasında əməkdaşlığın qurulması məsələsinə dair müzakirələr aparıldı. Konfransda həmçinin Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri mövzusunda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində keçirilmiş inşa müsabiqəsinin qalibi Ülviyyə Hüseynova və eyni mövzuda Vyetnam ali təhsil ocaqlarında keçirilmiş inşa müsabiqəsinin qalibi Vyetnam Xarici Dillər və Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi Chau Hong Quang, Ho Chi Minh şəhəri Sosial və Humanitar Elmlər Universitetinin tələbəsi Sevinc Orucova çıxış ediblər.

Tədbirdə Vyetnamda mədəniyyət sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların nümayəndələri, mədəniyyət xadimləri çıxış edib, Azərbaycan və Vyetnam arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq imkanları barədə söhbət açıb, bu fəaliyyətdə yaxından iştirak etməyə hazır olduqlarını bildiriblər.

Konfrans zamanı həmçinin Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Vyetnam dilinə tərcümə olunmuş "Azərbaycan xalçaları" kitabının təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti