...

Ekologiya Nazirliyi 700-ə yaxın şikayətlə bağlı tədbir gördü

Cəmiyyət Materials 14 Aprel 2015 13:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin ilk üç ayı ərzində 675 şikayətlə bağlı qanunamüvafiq tədbirlər görüb.
Ekologiya Nazirliyi 700-ə yaxın şikayətlə bağlı tədbir gördü

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin ilk üç ayı ərzində 675 şikayətlə bağlı qanunamüvafiq tədbirlər görüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 24 saat fəaliyyət göstərən 168 saylı "Qaynar xətt"ə 2015-ci ilin yanvar-mart ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə 739 şikayət daxil olub. Onlardan 675-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Dövlət Ekspertiza İdarəsinə göndərilən 305 şikayət, Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilən 282, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilən 20, İstehsalat Siyasəti şöbəsinə göndərilən 4, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilən 1 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosferin çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub. Meşələrin İnkişafı Departamentinə göndərilən 63 şikayətdən 38-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilən 12 şikayətdən 9-u, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilən 44 şikayətdən 10-u, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilən 8 şikayətdən 6-sı üzrə araşdırma başa çatıb, digər şikayətlərin araşdırılması isə davam etdirilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti