...

Bakı metrosunda bu qatarlardan istifadə ediləcək (FOTOSSESİYA)

Cəmiyyət Materials 17 Aprel 2015 14:51 (UTC +04:00)
“Bakı Metropoliteni” QSC sərnişinləri əmin edir ki, metro paytaxtımızın ən rahat, keyfiyyətli və təhlükəsiz ictimai nəqliyyat vasitəsi olmaqla yaxın gələcəkdə xidmət səviyyəsini daha da yüksəltməklə sərnişinlərin zövqünü oxşayacaq.
Bakı metrosunda bu qatarlardan istifadə ediləcək (FOTOSSESİYA)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlkin İzzət/

"Bakı Metropoliteni" QSC sərnişinləri əmin edir ki, metro paytaxtımızın ən rahat, keyfiyyətli və təhlükəsiz ictimai nəqliyyat vasitəsi olmaqla yaxın gələcəkdə xidmət səviyyəsini daha da yüksəltməklə sərnişinlərin zövqünü oxşayacaq.

Trend-in məlumatına görə, bununla bağlı Bakıya yeni vaqonlar gətirilib.

Qeyd edək ki, Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədi ilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan və böyük nüfuza malik olan "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin səhmlərinin 25% -nin sahibi Fransanın "Alstom" şirkəti ilə 12 may 2014-cü il tarixində bağlanmış memorandumun şərtlərinə müvafiq olaraq həmin şirkətlə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyət arasında 21 avqust 2014-cü il tarixində BM/TM-02-14 saylı müqavilə imzalanmışdır ki, bu sənədə əsasən 5 vaqondan ibarət 3 qatar tərkibinin alınması nəzərdə tutulub.

3 qatar tərkibindən ikisi artıq Bakıya gətirilmiş, biri isə hazırda Astraxan şəhərindən Bakı istiqamətində yoldadır. Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir.

Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrükləri dəyişən cərəyanla ( 380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərrüklərinin gücü 114 kwt idisə, bu qatarların mühərrüklərinin gücü 170 kwt təşkil edir.

Köhnə vaqonların çəkisinə gəlincə, bu göstərici baş vaqon üçün 38 ton, aralıq vaqon üçün 36 ton təşkil edirdisə, yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29 tondur.

Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılmışdır. Vaqonun salonunda "hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılmışdır. Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir.

Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır.

Yuxarıda sadalanan texniki göstəricilərindən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.

Qısa bir vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də bu vaxta qədər Bakı Metropoliteni tarixində analoqu olmayan diaqnostika kompleksinin quraşdırılmasıdır.

Belə ki, görülmüş tədbirlər nəticəsində ABŞ istehsalı olan serverlər və fasiləsiz cərəyan təminatı, Almaniya istehsalı olan lazer optik sistemləri, Ukrayna istehsal olan cərəyan çevriciləri, Koreya və Çin istehsalı olan işçi kompyuter avadanlıqları, Fransa istehsalı olan GPS - koordinasiya qurğusu və s. ilə təchiz olunmuş həmin diaqnostika kompleksinin tətbiqi nəticəsində qatarların hərəkətinin tam təhlükəsizliyinin, səlistliyinin və sərnişindaşımanın komfortu təmin ediləcək. Bütün bu avadanlıqlar diaqnostika kompleksi şəklində Rusiyanın TBEMA firması tərəfindən yığılmış və proqram təminatı ilə təchiz edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti