...

Azərbaycanda istirahət mərkəzlərinə nəzarət tədbirlərinin gücləndirilməsi təklif edilir

Cəmiyyət Materials 18 Aprel 2015 13:10 (UTC +04:00)
Azərbaycanda istirahət mərkəzlərində təhlükəsizlik məsələlərinin təmini, eləcə də sanitar-gigiyenik normalara əməl etmə vəziyyətinin öyrənilməsi məqsədilə aparılan nəzarət tədbirlərinin gücləndirilməsi təklif edilir.
Azərbaycanda istirahət mərkəzlərinə nəzarət tədbirlərinin gücləndirilməsi təklif edilir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda istirahət mərkəzlərində təhlükəsizlik məsələlərinin təmini, eləcə də sanitar-gigiyenik normalara əməl etmə vəziyyətinin öyrənilməsi məqsədilə aparılan nəzarət tədbirlərinin gücləndirilməsi təklif edilir.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, istirahət mərkəzlərinin fəaliyyətini, o cümlədən onlarda təhlükəsizlik məsələlərinin təşkili vəziyyətini öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyi, AzTA tərəfindən il ərzində 2 dəfə monitorinq keçirilir.

Lakin assosiasiya rəsmisi hesab edir ki, istirahət mərkəzlərində təhlükəsizlik məsələsinin təminində yalnız bir deyil, bir neçə qurum iştirak etməli, hər bir rayonda müvafıq yerli orqanlar bu məsələlərə daim nəzarət etməli, mərkəz rəhbərləri işçilər arasında texniki təhlükəsizlik məsələləri ilə bağlı müsahibələr keçirməlidirlər: "İstirahət mərkəzlərində avadanlıqların sazlığını, gigiyenik normalara riayət olunmasını öyrənmək, avadanlıqlara texniki baxışı həyata keçirmək üçün yoxlamalar tez-tez aparılmalıdır. Hər bir istirahət mərkəzinin rəhbəri sahibi olduğu obyektdə sanitar-gigiyenik, təhlükəsizlik normalarına riayət olunma vəziyyətini bütün gün ərzində nəzarətdə saxlamalıdır. İstirahət mərkəzlərinin rəhbərləri başa düşməlidirlər ki, nöqsanlar onların iflası, lisenziyalarının dayandırılması ilə nəticələnə bilər".

M.Ağakərimov deyib ki, ötən ilin sonunda və bu il ərzində müvafıq qurumlar tərəfindən aparılan son iki monitorinq zamanı istirahət mərkəzlərində ciddi təhlükəsizlik problemlərinin olmadığı məlum olub. Amma müəyyən nösanlarlar aşkarlanıb ki, onlarla bağlı da rəhbərlərə xəbərdarlıq edilib: "Çox təəssüf ki, hələ də bəzi obyektlərdə, xüsusilə, şimal zonasında istifadə edilən mələfələr, balış üzləri nəm halda olur. Onlar vaxtında qurudulmalı, bunun üçün xüsusi qurğular alınmalıdır. Eyni zamanda, bəzən aşpazlar papaq geyinmir, geyimləri çirkli olur, mətbəxə hər bir adamın daxil olmasına icazə veririlər. Bunlara xırda məsələlər kimi baxılır, amma nəzərə alınmalıdır ki, insanlar bakteriyalardan kütləvi şəkildə zəhərlənə bilərlər. Belə hallar yay aylarında xüsusilə təhlükəlidir. Buna görə də mətbəxlərə ciddi fikir verməyi tövsiyə edirik".

AzTA rəsmisi qeyd edib ki, istirahət mərkəzlərindəki hovuzlardan analiz üçün ayda heç olmasa bir və ya iki dəfə müayinələr götürülməli, mətbəxlər yoxlanılmalı, ofisiantlar 6 aydan bir həkim müayinəsindən keçməlidirlər. Turizm obyektlərində hər bir məsələyə, o cümlədən peşəkar kadrların cəlbi məsələsinə diqqətlə yanaşmaq lazımdır. Çünki bir çox hallarda bədbəxt hadisələr qeyri-peşəkarlıqdan baş verir.

Mədəniyyət və Turizm Nazirliyindən isə Trend-ə bildirilib ki, istirahət mərkəzlərində növbəti yoxlamalar iyun-iyul ayları ərzində yay turizm mövsümünə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aparılacaq. Yalnız bu yoxlamaların nəticəsi bəlli olduqdan sonra istirahət mərkəzlərində təhlükəsizlik məsələlərinin hansı formada təşkil edilməsi barədə fikir söyləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti