...

Avropa Oyunları öncəsi yol polisi köhnə avtomobillərə qarşı "müharibə" elan etdi

Cəmiyyət Materials 21 Aprel 2015 18:29 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Avropa Oyunları öncəsi köhnə, istismara yararsız avtomobillərlə bağlı tədbirləri gücləndirir.
Avropa Oyunları öncəsi yol polisi köhnə avtomobillərə qarşı "müharibə" elan etdi

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Avropa Oyunları öncəsi köhnə, istismara yararsız avtomobillərlə bağlı tədbirləri gücləndirir.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, son zamanlar paytaxt ərazisində istər sərnişindaşıma, istər yükdaşıma, istərsə də digər xidmət sahələrində xarici görünüşü səliqəsiz, köhnə, rəng qrafikasına uyğun olmayan, texniki cəhətdən tam nasaz və istismara yararsız, köhnə, detal hissələri korroziyaya uğrayaraq çürümüş, dövlət nömrə nişanları oxunmayan, işıq cihazları yerində olmayan və normal işləməyən nəqliyyat vasitələrinin hərəkəti müşahidə edilir.

V.Əsədov qeyd edib ki, növündən asılı olmayaraq, idarə edilən bu tipli avtonəqliyyat vasitələri qanuna əsasən texniki cəhətdən nasaz hesab edildiyindən onlar yol hərəkətində istismar edilə bilməz: "Bu, böyük təhlükədir. Eyni zamanda, gündən-günə gözəlləşən Bakının yollarında belə avtomobillərin hərəkət etməsi təəssüfdoğurucu bir haldır. Yol polisi avtomobil sahibi olan hüquqi və fiziki şəxslərin, sürücülərin nəzərinə çatdırır ki, belə hallar qanunvericiliklə yolverilməzdir və buna qarşı ciddi tədbirlər görüləcək. Yol polisi artıq bu gündən etibarən bununla bağlı ərazidə nəzarəti gücləndirməyə başlayıb. Bu avtomobillər saz vəziyyətə gətirilməli, istismar tələblərinə cavab verməli və mütləq texniki baxışdan keçirilməlidir. Əks halda belə avtomobillər yol hərəkətində istismar edilə bilməz və onlar yol hərəkətindən kənarlaşdırılacaq. Vaxtı keçmiş, istismara yararsız, texniki cəhətdən tam yararsız olan avtomobillərin dövriyyədən çıxarılması üçün aidiyyəti üzrə qeydiyyat-imtahan şöbələrinə də müraciət edilə bilər".

Bölmə rəisi əlavə edib ki, belə yararsız avtomobillərin sahibləri ən azından ölkəmizdə Avropa Oyunlarının keçiriləcəyini və paytaxta çoxsaylı qonaqların gəlməsini nəzərə alsınlar və diqqəti belə utancverici şeylərə çəkməsinlər: "Özünüz düşünün, belə avtomobillər onları görən xarici qonaqlarda ölkəmiz haqqında hansı təəssüratı yaradacaq? Ona görə də, gəlin, yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəldilməsinə birgə çalışaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti