...

Füzuli rayonunun daha iki qəsəbəsinə təbii qaz verilib

Cəmiyyət Materials 25 Aprel 2015 17:26 (UTC +04:00)
Füzuli rayonunun yaşayış məntəqələrinin təbii qazla təchiz olunması istiqamətində tədbirlər davam etdirilir.
Füzuli rayonunun daha iki qəsəbəsinə təbii qaz verilib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Füzuli rayonunun yaşayış məntəqələrinin təbii qazla təchiz olunması istiqamətində tədbirlər davam etdirilir. Trend-in məlumatına görə, aprelin 25-də Füzuli rayonunun Qayıdış-10 və Qayıdış-11 qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri və qəsəbə sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev sakinləri qəsəbələrinə təbii qazın verilməsi münasibətilə təbrik edib, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən tədbirdən danışıb, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

205 abonenti olan Qayıdış-10 qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6767 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzllərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qayıdış-11 qəsəbəsində birpilləli sistem əsasında 6544 metr müxtəlif diametrli qaz xətləri çəkilib, 202 mənzil sayğac və fərdi tənzimləyici ilə təmin olunub.

Rayonun Qayıdış-4, 5, 6, 7, 8, 9 qəsəbələrində küçə xətləri çəkilib, hazırda sayğaclaşma işləri aparılır. Araz Dilağarda və Araz Zərgər kəndlərində isə qaz xətlərinin çəkilişi davam etdirilir. Bu ilin sonunadək rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti