...

Azərbaycan Heydər Əliyev Fondu və IDEA-nın dəstəyi ilə Venesiya Biennalesində təmsil olunur (FOTO)

Cəmiyyət Materials 4 May 2015 12:47 (UTC +04:00)
Mayın 6-da 56-ci “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunda iki sərginin rəsmi açılış mərasimi olacaq.
Azərbaycan Heydər Əliyev Fondu və IDEA-nın dəstəyi ilə Venesiya Biennalesində təmsil olunur (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Mayın 6-da 56-ci "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunda iki sərginin rəsmi açılış mərasimi olacaq.

Fonddan Trend-ə bildiriblər ki, Venesiyanın izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonunda ilk olaraq Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərlərinin təqdim olunduğu "Hüdudları aşaraq" ("Beyond the Line") sərgisinin açılış mərasimi keçiriləcək.

"Hüdudları aşaraq" sərgisi XX əsrin repressiv Sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır.

Sovet rejimində kommunist ideologiyasına qarşı çıxan, "üsyankar" mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmir, rəssamlar ölkədən kənara çıxa bilmirdilər. "Hüdudları aşaraq" sərgisi indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.

Mayın 6-da Venesiya Biennalesində "Vita Vitale" beynəlxalq sərgisi də açılacaq. Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir.

Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, "Vita Vitale"də Edvard Burtinski (Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony Cragg), Laura Ford (Laura Ford) , Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (Andy Warhol) və digər məşhur rəssamların əl işləri yer alıb.
"Vita Vitale" sərgisi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyur. Sərgi təkcə Azərbaycanın deyil, bütün planetin keçmişi, bu günü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələlərində rəssamların düşüncəsini işıqlandırır. "Vita Vitale", həmçinin planetimizin ekosistemi və insanların təbiətə göstərdiyi təsir arasındakı zərif balansı təhlil edir. Sərgi bizi ətraf mühitin mühafizəsində rolumuzu artırmağa sövq edir, eyni zamanda dünyanın gələcəyinin qorunması üçün kreativ ideya və alətlər təklif edir.

Hər iki sərgi noyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın nüfuzlu sərgisi hesab olunur. Venesiya Biennalesi müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və müasir meylləri müzakirə etmək üçün gözəl fürsətdir.

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də ölkəmizin Venesiya Biennalesində iştirakı layihəsidir.

Müxtəlif ölkələr və fərqli mədəniyyətlərin təmsil olunduğu bu sənət festivalında Azərbaycan 2007-ci ildən iştirak edir. Bu il ölkəmiz Venesiya Biennalesində artıq 5-ci dəfədir təmsil olunur.

Xatırladaq ki, sonuncu dəfə 2013-cü ildə keçirilən 55-ci Venesiya Biennalesindəki "Ornamentlər" adlı Azərbaycan pavilyonu da Lezze Sarayında qurulmuşdu. Həmin il Azərbaycanı bu sərgidə altı rəssam - Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil edirdi.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti