...

Azərbaycanda ilk: abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcəklər

Cəmiyyət Materials 4 May 2015 13:02 (UTC +04:00)
Azərbaycanda bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcəklər.
Azərbaycanda ilk: abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcəklər

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcəklər.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komissiya sədri qeyd edib ki, bu il həm cari ilin, həm də əvvəlki illərin məzunları artıq I-IV qruplardan biri üzrə artıq sənəd verməsinə baxmayaraq, onların həm də V qrup üzrə də ərizə vermək hüquqları var: "Bu ilin məzunları və əvvəlki illərin məzunları 4 qrupdan birinə artıq ərizə veribsə, onların V qrupa da ərizə vermək hüququ var. Amma təbii ki, bu, məcburi deyil. Zəruri deyil ki, hamı belə eləsin. Abituriyentlər özləri hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. Ixtisas seçmə vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik".

M.Abbaszadə deyib ki, cari ilin məzunları V ixtisas qrupu üzrə müsabiqəyə buraxılış imtahanları və qabiliyyət imtahanlarının nəticələri əsasında buraxılacaqlar. Əvvəlki ilin məzunları isə müsabiqəyə buraxılmaları üçün iyulun 2-də 3 fəndən- Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər.

M.Abbaszadə iki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyenlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklərini söyləyib.

Komissiya sədri əlavə edib ki, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak edə bilsələr də, əvvəlki illərin məzunları olan abituriyentlər isə bunun üçün adı sadalanan 3 fəndən imtahan verməlidirlər.

Qeyd edək ki, ali məktəblərin I-IV qrupları üzrə sənəd qəbulu artıq yekunlaşıb. Orta ixtisas məktəblərinə (tam orta təhsil bazası) və ali məktəblərin IV ixtisas qrupu üzrə sənəd qəbulu isə mayın 5-dən 18-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti