...

"Tarixin canlı səhifələri" adlı III Gənclər Festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 4 May 2015 17:04 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə, Müdafiə Nazirliyi və Lənkəran Rayon İcra Hakimiyyəti ilə birgə Lənkəran rayonunda faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı III Gənclər Festivalı keçirilib.
"Tarixin canlı səhifələri" adlı III Gənclər Festivalı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə, Müdafiə Nazirliyi və Lənkəran Rayon İcra Hakimiyyəti ilə birgə Lənkəran rayonunda faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş "Tarixin canlı səhifələri" adlı III Gənclər Festivalı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festival öncəsi nazir Azad Rəhimov, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, müdafiə nazirinin müavini Kərim Vəliyev, Həzi Aslanovun nəvəsi general-leytenant Həzi Aslanov, Lənkəran rayon icra başçısı Taleh Qaraşov, millət vəkili Hadı Rəcəbli, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, xarici ölkələrin səfirləri, eyni zamanda, Böyük Vətən müharibəsi veteranları ulu öndər Heydər Əliyevin abidəsini, Sovet İttifaqi qəhrəmanı Həzi Aslanovun abidəsini və ev-muzeyini ziyarət ediblər.

Saat 20:00-da başlayan tədbirdən əvvəl iştirakçılar Böyük Vətən müharibəsinin epizodlarını özündə əks etdirən səhnələrlə tanış olublar.

Ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaq olub.

600-dən çox tamaşaçının olduğu festivalda cari ildə 105 illiyi qeyd edilən, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, şəxsi igidlik və qoçaqlığına görə 3 "Qırmızı bayraq" ordeni, 2-ci dərəcəli "Suvorov" ordeni, "Aleksandr Nevski" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı ulduz" ordeni general-mayor Həzi Aslanovun, nəinki Azərbaycanın, eyni zamanda, Qafqazın ilk Sovet İttifaqı Qəhrəmanı olmuş İsrafil Məmmədovun, adı belə faşistləri qorxuya gətirən, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin partizan həyatı əyani olaraq canlandırılılıb.

Eyni zamanda, festivalda şərqşünas və tarixçi, Sovet İttifaqı Qəhramanı, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından əvəzsiz əsərlərin müəllifi Ziya Bünyadovun döyüş şücaətləri 200 nəfərdən çox aktyor və tələbə tərəfindən tamaşaçılara təqdim edilib.

Sonda tədbir atəşfəşanlıqla yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti