...

Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü münasibətilə təşkil olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı

Cəmiyyət Materials 5 May 2015 16:12 (UTC +04:00)
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü münasibətilə təşkil olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, ümumtəhsil məktəblərinin VIII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas təhsili məktəblərinin tələbələri arasında 9-cu dəfə təşkil olunan inşa yazı müsabiqəsi Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilir.

Qaliblərin mükafatlandırılması mərasimində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri M.Cabbarov müsabiqənin şagird və tələbələrin ümummilli liderimizlə bağlı fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Nazir ölkəmizin bütün bölgələrini əhatə edən müsabiqənin ümummilli liderimizin fəaliyyətinin müxtəlif sahələrini əhatə etdiyini vurğulayıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Ə.Əhmədov müsabiqənin əhəmiyyətini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, ideyalarının gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan Baş nazirin müavini belə tədbirlərin şagirdlərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini söyləyib. Ə.Əhmədov müsabiqə iştirakçılarının sayının ilbəil artmasını müsbət hal kimi dəyərləndirib.

Sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri S.Mehbalıyev, rabitə və yüksək texnologiyalar nazirinin müavini E.Vəlizadə, Heydər Əliyev Fondunun nümayəndəsi İ.Mustafayev müsabiqə iştirakçılarını təbrik ediblər.

Respublika mərhələsinin iştirakçıları arasından 16 nəfər I, 19 nəfər II, 22 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub. I-IV yerlərə layiq görülmüş 92 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabında dərc edilib.

Müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti