...

BDU-da Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 6 May 2015 16:36 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
BDU-da Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və ulu öndərin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Deyib ki, böyük rəhbərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib. Respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev haqqında deyilən hər bir söz onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, gələcək nəsillər üçün Azərbaycanın inkişafına xidmət edən fəaliyyətin tarixə çevrilməsinə verilən qiymətdir. Heydər Əliyev haqqında xatirələr, onun xalqı qarşısındakı xidmətləri, fikirləri, düşüncələri mövcuddur. Azərbaycan ötən dövrdə bütün sahələrdə dinamik inkişaf yolu keçib, iqtisadi sahədə modernləşmə mərhələsinə gəlib çıxıb, keyfiyyətcə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli siyasi və hüquqi islahatları inamla gerçəkləşdirilib. Ən əsası, dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilib.

Tədbirdə akademik Vasim Məmmədəliyev və professor Abuzər Xələfov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti