...

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 6 May 2015 17:39 (UTC +04:00)
2015/2016-cı tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlhamə İsabalayeva/

2015/2016-cı tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

Müsabiqədə iştirak etmək hüququna 2015-ci il may ayının 15-dək 19 yaşı tamam olmayan, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə müvafiq qaydada elektron ərizə təsdiq etmiş, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Qeydiyyat may ayının 7-dən (şənbə, bazar və bayram günləri istisna olmaqla) may ayının 14-ü saat 15:00-dək aparılacaqdır.

Müsabiqə iki mərhələdən ibarətdir.

I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. "Beynəlxalq iqtisadi əlaqələr" və "Beynəlxalq münasibətlər" ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, "Beynəlxalq hüquq" ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər.

Test imtahanı mayın 17-də keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytından çap edib götürəcəklər.

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar.

Müsahibə may ayının 21-də keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq.

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tərəfindən Moskva şəhərində cari il iyun ayının 26-da və 30-da aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq. "Beynəlxalq iqtisadı əlaqələr fakültəsi"nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti