...

Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Cəmiyyət Materials 7 May 2015 15:44 (UTC +04:00)
Mayın 7-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xalqımızın Ümummilli Liderinin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xalqımızın Ümummilli Liderinin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuş, Ümummilli Liderin nurlu xatirəsini dərin ehtiramla yad etmişlər.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbirdə çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat vermişdir.

X.Vəliyev Vətən qarşısındakı xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində Respublika Hərbi Prokurorluğunda bir çox işlərin görüldüyünü qeyd etmişdir. Bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunun inzibati binasında Heydər Əliyev irsinin araşdırılması məqsədilə müasir elektron kitabxana yaradılmışdır.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulamışdır ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən yüksək keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi ilə vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasında xüsusi yeri olan bir dövlətə çevrilmişdir.

Həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmuş, iqtisadi müstəqilliyə nail olunmuş, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Ədliyyə general-leytenantı X.Vəliyev daha sonra qeyd etmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.

Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla həyata keçirdiyini vurğulayan hərbi prokuror bu gün dövlətimizin başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir. Xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

Tədbirə yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəkdir.

Sonda Respublika Hərbi Prokurorluğunun xidmətdə fərqlənən əməkdaşlarına hərbi rütbələr verilmiş, ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti