...

“Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflər müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 13 May 2015 12:34 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə Gənclər Evində “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin verilməsi ilə bağlı ictimai müzakirə təşkil olunub.
“Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflər müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə Gənclər Evində "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına təkliflərin verilməsi ilə bağlı ictimai müzakirə təşkil olunub. Təşkilatdan Trend-ə verilən məlumata görə, tədbir zamanı ARGTMŞ-ın sədri Şahin Seyidzadə, Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri ilə görüşüblər.

Tədbirdə ARGTMŞ-ın üzvləri - "Gənclər" Dayaq və İnkişaf Mərkəzi, Azərbaycan Gənclər İttifaqı , "Azərbaycan Könüllülər" İctimai Birliyi, "Bakı Gənclər Klubu" İctimai Birliyi, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi, "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi, "Gənclər Mərkəzi" İctimain Birliyi, "Üfüq Gənclərin İnkişafı Naminə" İctimai Birliyi, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi, Azərbaycan-Türkiyyə Gənclərinin Dostluq Cəmiyyəti, "Gənc Mühəndislərin İnkişafı" İctimai Birliyi, "Bizim Gənclik" İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Uşaq və Tələbə Gənclər Dünyası, Yeni Yazarlar və Sənətçilər Qurumu, "Dan Beynəlmiləlçi Gənclər" İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı təmsil olunublar.

ARGTMŞ tərəfindən silsilə şəkildə təşkil olunan ictimai müzakirələr Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-na əsasən 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının müzakirəsi və Dövlət Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilir.

Tədbir ARGTMŞ-ın sədri Ş.Seyidzadənin açılış nitqi ilə başlayıb. Gənclər Dövlət Proqramının vacibliyindən danışan Ş.Seyidzadə ölkənin gənclər sahəsində görülən işlərin strateji və planlaşdırılmış şəkildə həyata keçirildiyini qeyd edib: "Azərbaycan gündən-günə inkişaf edir və özünün sürətli inkişaf dövrünü yaşayır. Ölkənin bütün sahələrində əldə olunan uğurlu nəticələr və müvəffəqiyyətlər gənclər sahəsində də öz əksini tapır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Gənclər Siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və dəstəyi ilə öz uğurlu nəticələrini verməkdədir. Bu gün, qürurla demək olar ki, Azərbaycan Gənclər Siyasəti dünyada uğurlu bir təcrübə kimi tanınır. Bu da ölkədə gənclər sahəsində görülən işlərin strateji və planlı şəkildə aparılmasının nəticəsidir."

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri F.Babayev çıxışı zamanı Gənclər Dövlət Proqramının formalaşmasında gənclər təşkilatlarının iştirakının əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Azərbaycanda Gənclər Dövlət Proqramının formalaşmasında gənclər və gənclər təşkilatlarının iştirakı sahəsində mühüm təcrübə mövcuddur və bu təcrübə illərdir ki, öz müsbət nəticələrini göstərir. O, həmçinin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən ARGTMŞ-ın üzv təşkilatları tərəfindən Dövlət Proqramına faydalı təkliflərin veriləcəyinə inandığını bildirib.

Görüş zamanı ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib, sualları cavablandırılıb. Tədbir "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın müvafiq maddələrinə uyğun olaraq Dövlət Proqramına təkliflərin verilməsi və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

ARGTMŞ-ın təşəbbüsü ilə "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına təkliflərin toplanılması ilə bağlı silsilə tədbirlər davam edir. İctimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti