...

Azərbaycanda quş qripi təhlükəsi yoxdur

Cəmiyyət Materials 15 May 2015 14:44 (UTC +04:00)
Mayın 4-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 27 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 2217 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.
Azərbaycanda quş qripi təhlükəsi yoxdur

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 4-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 27 baş çöl quşunun patoloji materialları və ölkənn ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 2217 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, müayinə olunmuş nümunələrdə quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

DBNX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları tam qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda, DBNX xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan DBNX respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını və qonşu ölkələrdə (Türkiyə və Rusiya) quş qripi xəstəliyin qeydə alınmasını əsas götürərək növbəti monitorinqin iyunun 1-də başlanması nəzərdə tutulur.

Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti