...

Bakıda Oksford Universiteti Nəşriyyatının fəaliyyətə başlamasına həsr edilmiş təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 15 May 2015 20:28 (UTC +04:00)
Bu gün Bakıda “Oxford University Press” (OUP) Nəşriyyatının Azərbaycanda fəaliyyətə başlamasına həsr edilmiş təqdimat mərasimi keçirilib.
Bakıda Oksford Universiteti Nəşriyyatının fəaliyyətə başlamasına həsr edilmiş təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda "Oxford University Press" (OUP) Nəşriyyatının Azərbaycanda fəaliyyətə başlamasına həsr edilmiş təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, ziyalılar, ictimai xadimlər iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov OUP nəşriyyatının ölkəmizdə fəaliyyətə başlamasını Avropa-Azərbaycan əlaqələrinin inkişafında növbəti uğur kimi dəyərləndirib: "Bir çox ölkələrdə fəaliyyət göstərən Oksford Universiteti nəşriyyatı Avropanın ən qədim nəşriyyatlarından biridir. Hazırda nəşriyyatın 50-dən çox ölkədə filialı var. Azərbaycan həqiqətlərinin Avropaya çatdırılmasında xidmət göstərən Avropa Azərbaycan Cəmiyyəti də nəşriyyat işinə daim önəm verib və ölkəmizdə "TEAS Press" Nəşriyyat Evi fəaliyyətə başlayıb. "TEAS Press" Nəşriyyat Evi OUP nəşriyyatının Azərbaycanda rəsmi eksklüziv distribütoru oldu".

T.Heydərov bildirib ki, bu nəşriyyatın Azərbaycanda fəaliyyətə başlaması təhsilimiz üçün böyük əhəmiyyət kəsb edəcək: "Bu nəşriyyat ingilis dilinin tədrisi üçün ixtisaslaşan ən böyük nəşriyyatdır. Nəşriyyatın çap etdirdiyi kitabların Azərbaycan dilinə tərcümə edilməsi "TEAS Press" nəşriyyatının öhdəsinə düşəcək: "Bu nəşriyyat evi uşaqlar üçün olan kitablardan tutmuş, müxtəlif sahələr üzrə kitabların Azərbaycanda çapı ilə məşğuk olacaq. Həmçinin Azərbaycan alimlərinin kitablarının çap olunmasına diqqət yetiriləcək".

O, qeyd edib ki, bu gün Azərbaycan-Avropa əlaqələrinin yüksək inkişafının bariz nümunəsi ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir: "Və biz Avropa Azərbaycan Cəmiyyəti olaraq, bu inkişafa kitab çapı sahəsində öz töhfəmizi vermək istəyirik".

"Oxford University Press" Nəşriyyatının nümayəndəsi Saymon Mavin deyib ki, nəşriyyatın ən böyük məqsədi təhsil sahəsində çap məhsullarını ən yüksək səviyyəyə çatdırmaqdır. OUP nəşriyyatı dünyanın 40-dan çox dilində kitablar çap edir, ingilis dilinin öyrədilməsi ilə məşğul olur: "Biz "TEAS Press" nəşriyyatı ilə işləməkdən məmnunuq. Əminik ki, ingilis dilinin öyrənilməsi baxımından bu əməkdaşlıq faydalı olacaq".

Tədbirdə "TEAS Press" Nəşriyyat Evinin və "Oxford University Press" Nəşriyyatının çap etdirdiyi kitabların sərgisi keçirilib.

Qeyd edək ki, mayın 16-da "OUP" nəşriyyatının İngilis Dili Tədrisi
(İDT) üzrə ixtisaslaşmış iki təlimçisi Azərbaycan müəllimləri üçün təqdimat keçirəcək. Təlimçilər Bill Bouler və Angela Bukkingem universitet, dövlət və özəl məktəblər də daxil olmaqla, təhsil müəssisələrinin müəllimləri üçün seminar keçirəcəklər. "OUP" təlimçiləri ingilis dilini öyrənən kiçik yaşlı uşaqlar üçün "Family and Friends", orta məktəb şagirdləri və böyüklər üçün isə "Solutions", "Headway" və "English File" kimi nəşrlərin təqdimatını keçirəcəklər. Seminar müəllimlərə şagirdlərin ingilis dili üzrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün dərslərində bu materiallardan necə istifadə edə biləcəklərini müəyyən etməyə yardım edəcək.

"OUP" nəşriyyatı inglis dili tədrisi üçün materialların çapı sahəsində zəngin təcrübəyə malikdir. Bu nəşriyyatın ilk məhsulu 1940-ci ildə işıq üzü görüb. "Oxford Advanced Learner's Dictionary - Yuxarı Səviyyəli Öyrənənlər üçün Oksford Lüğəti" - ingilis dilini öyrənənlər üçün ilk müfəssəl lüğətlərdən biri olub. Hazırda "OUP" "İDT" materiallarının nəşri üzrə beynəlxalq səviyyədə qlobal lider kimi ad çıxarmış tanınmış nəşriyyatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti