...

Azərbaycanda ilk: Hemofiliyalı xəstələr üçün Reabilitasiya Mərkəzi yaradılır

Cəmiyyət Materials 25 May 2015 16:24 (UTC +04:00)
Azərbaycanda ilk dəfə hemofiliyalı xəstələrə davamlı olaraq psixo-sosial və fizioterapevtik xidmət göstərilməsi üçün Reabilitasiya Mərkəzi yaradılır.
Azərbaycanda ilk: Hemofiliyalı xəstələr üçün Reabilitasiya Mərkəzi yaradılır

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə hemofiliyalı xəstələrə davamlı olaraq psixo-sosial və fizioterapevtik xidmət göstərilməsi üçün Reabilitasiya Mərkəzi yaradılır. Bu barədə Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova məlumat verıb.

G.Hüseynovanın sözlərinə görə, indiyədək bu xəstələr fizioterapevtik xidmətləri davamlı deyil, yalnız qısa müddətdə - müalicə aldıqları müddətdə ayrı-ayrı xəstəxanalarda ala bilirdlər. Mərkəzin yaradılması sayəsində isə xəstələr 21 gün ərzində davamlı olaraq fizioterapevtik müalicə prosedurundan keçə biləcəklər.

Assosiasiya bu mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradır. Mərkəzin iyunun 15-dən sonra fəaliyyətə başlayacağı gözlənilir. İlkin olaraq 10 xəstəyə xidmət göstərəcək mərkəz bu ilin sonuna kimi həmin sayı 65-70-ə çatdırmağı planlaşdırır. Gələcək illərdə mərkəz öz işini daha da genişləndirməyi nəzərdə tutur.

Hazırda Azərbaycanda 1550 hemofiliyalı xəstə var. Onların 55 faizini məktəbəqədər, məktəb yaşlı uşaqlar və gənclər təşkil edir. Xəstələrin 220 nəfəri məktəbəqədər, məktəbyaşlı uşaq, 500-dən çoxu isə gəncdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti