...

Mədət Quliyev 105 ədliyyəçiyə xüsusi hərbi rütbə verdi

Cəmiyyət Materials 27 May 2015 12:54 (UTC +04:00)
Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Respublika günü münasibəti ilə 105 nəfərə xüsusi hərbi rütbələr təqdim edib.
Mədət Quliyev 105 ədliyyəçiyə xüsusi hərbi rütbə verdi

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Respublika günü münasibəti ilə 105 nəfərə xüsusi hərbi rütbələr təqdim edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mayın 27-də Respublika günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində şəxsi heyətin xüsusi toplantısı keçirilib.

Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev toplantını açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salıb. O, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu vurğulayaraq Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirib. Cəmi 23 ay yaşamış bu cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan işlər gördüyü, Azərbaycanın gələcək müstəqilliyi üçün təməl yaratdığı diqqətə çatdırılıb.

Tədbirdə XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyinin bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində möhkəmlənərək qorunub saxlanılması və bu gün ulu öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyması xüsusi ilə qeyd edilib.

Tədbirdə "28 May - Respublika Günü" münasibətilə 107 nəfər xidmət əməkdaşının mükafatlandırılması və 105 nəfərə xüsusi hərbi rütbələrin verilməsi barədə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tərəfindən imzalanmış əmr diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti