...

Azərbaycanda “Dənizçi Günü”, Dəniz nəqliyyatı işçilərinin peşə bayramı qeyd edilir (FOTO)

Cəmiyyət Materials 25 İyun 2015 12:22 (UTC +04:00)
Azərbaycan Prezidentinin 19 iyun 2014-cü il tarixli 565 nömrəli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycanda “Dənizçi Günü” peşə bayramı elan edilmişdir.
Azərbaycanda “Dənizçi Günü”, Dəniz nəqliyyatı işçilərinin  peşə bayramı qeyd edilir (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Prezidentinin 19 iyun 2014-cü il tarixli 565 nömrəli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycanda "Dənizçi Günü" peşə bayramı elan edilmişdir.

Trend-in məlumatına görə, bu əlamətdar tarixi qeyd etmək məqsədilə bu gün Dövlət Dəniz Administrasiyasının və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları daxil olmaqla dənizçilərdən ibarət kollektiv Fəxri Xiyabanı ziyarət edərək, Xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad etmiş, onun məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilərək, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmiş Azərbaycan övladlarının məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

"Dənizçi Günü"nün peşə bayramı kimi qeyd edilməsi təbii ki, təsadüfi deyil. Çünki, bu şərəfli və çətin peşəyə ömrünü, gününü həsr etmiş insanlara qayğı, onların sosial rifahının yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət yetirdiyi prioritet sahələrdəndir. Eyni zamanda Dövlət Başçısı tərəfindən dəniz nəqliyyatı sahəsində səmərəli fəaliyyət göstərən qabaqcıl işçilərin təltif edilməsi məhz həmin diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrdən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümumiyyətlə hazırda Respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi Dövlət başçısının İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Dəniz nəqliyyatı sahəsində Dövlət idarəetməsinin və tənzimlənməsinin həyata keçirilməsi sahəsində həyata keçirilən islahatlar, həmçinin dəniz nəqliyyatı donanmasının və infrastrukturunun yenilənməsi, peşəkar dənizçilərin hazırlanması istiqamətində atılmış addımlar Beynəlxalq Dəniz Təşkilatının və dünyanın qabaqcıl dəniz dövlətlərinin ekspertləri tərəfindən müsbət qiymətləndirilməkdə, bununla da Respublikamızın bu sahədə uzun illər ərzində formalaşmış imicinin daha da artması təmin edilməkdədir.

Respublikamızda qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşması bu sahədə yeni-yeni uğurların əldə olunacağını və davamlı inkişafın təmin ediləcəyini əminliklə söyləməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti