...

Azərbaycanlı tarixçi alimin kitabı alman dilində işıq üzü görüb

Cəmiyyət Materials 30 İyun 2015 13:33 (UTC +04:00)
Azərbaycanlı tarixçi alim Rauf Cəfərovun “I Pyotrdan Putinə kimi Rusiyanın Azərbaycana qarşı siyasətinin vərəsəliyi və transformasiya prosesi” kitabı alman dilində işıq üzü görüb.
Azərbaycanlı tarixçi alimin kitabı alman dilində işıq üzü görüb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycanlı tarixçi alim Rauf Cəfərovun "I Pyotrdan Putinə kimi Rusiyanın Azərbaycana qarşı siyasətinin vərəsəliyi və transformasiya prosesi" kitabı alman dilində işıq üzü görüb.

Kitabın ön sözündə deyilir: "Təqribən 200 ildir Azərbaycan Rusiyanın yaratdığı siyasi qurumların - əvvəlcə Çar imperiyasının, sonra Sovet İttifaqının - bir hissəsi olub. Bu dövr ərzində Azərbaycan yalnız iki dəfə - Çar imperiyasının (1917) və Sovet İttifaqının (1991) süqutundan sonra - Rusiyadan müstəqillik əldə edə bilib. Əsər bu iki tarixi dövrün müqayisəli təhlilini nəzərdə tutur. Belə ki, bu dövrlərin öyrənilməsi və tədqiqatı oxşarlıq və vərəsəlik baxımından maraqlı faktları ortalığa çıxarır".

Müəllif qeyd edir ki, hər iki tarixi dövrdə hər iki ölkə siyasi subyekt kimi ciddi dəyişikliyə məruz qalıb: "Rusiya imperiya statusunu itirməklə razılaşmalı oldu, Azərbaycan isə bunun nəticəsi olaraq, Rusiya metropoliyasından müstəqillik əldə etdi".

Tədqiqatın qarşısında iki məqsəd durur - birincisi, hər iki dövrdə Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasətin hərəkətverici qüvvəsini, elementlərini və alətlərini təyin etmək, ikincisi, mümkün ssenarilərin gələcək inkişafını müəyyənləşdirmək məqsədilə bu siyasətdə vərəsəlik və ənənələrin retrospektiv təhlilini aparmaq.

Rauf Cəfərov Bakı Dövlət Universitetində Beynəlxalq Əlaqələr üzrə təhsil alıb. Almaniyanın Ayxştat Universitetini bitirib. Azərbaycan, Rusiya və Almaniya kitabxanalarında və arxivlərində elmi tədqiqatlar aparıb. 2012-ci ildə Almaniyanın Zigen Universitetində doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işinin əsasını beynəlxalq əlaqələr, xüsusilə XIX əsrdən indiki dövrə kimi Qafqazda böyük və regional nəhənglərin siyasəti təşkil edir. R.Cəfərov bu sahədə bir sıra məqalələrin müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti