...

Rektor BDU könüllüləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 30 İyun 2015 14:03 (UTC +04:00)
Rektor Bakı Dövlət Universitetinin (BDU) könüllüləri ilə görüşüb.
Rektor BDU könüllüləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Rektor Bakı Dövlət Universitetinin (BDU) könüllüləri ilə görüşüb.

Bu gün BDU-da Bakı 2015 Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edən universitetin 3000 tələbəsi ilə görüş keçirilib. BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov təbiət və humanitar fakültələrin tələbələrini ayrı-ayrılıqda qəbul edib və Oyunların yüksək səviyyədə keçirilməsində onların xüsusi xidmətlərini qeyd edərək könüllülərə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevin I Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdəki çıxışında könüllülərin əməyinə verdiyi yüsək dəyərdən, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tədbirin bağlanış mərasimində könüllülərə etdiyi təşəkkürdən danışan rektor bildirib ki, bu Oyunlar könüllülər üçün təcrübə olmaqla yanaşı, gələcək karyeralarının qurulmasında öz sözünü deyəcək.

Rektor təhsil naziri Mikayıl Cabbarovun tələbə könüllülərə ünvanlanmış minnətdarlıq müraciətini onların diqqətinə çatdırdıqdan sonra könüllülərin problemlərini dinləyib və müvafiq tapşırıqlarını verib.

Bu gündən etibarən könüllülər üçün başlayan sessiya imtahanlarından danışan rektor imtahanların universitetdə bir qayda olaraq yazılı keçirildiyini, lakin könüllülər üçün qaydalarda dəyişiklik edildiyini bildirib, şifahi qaydada olacağını diqqətə çatdırıb.

Tələbələrin çoxsaylı suallarından sonra görüş yüksək əhval-ruhiyyədə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti