...

ADA Universitetinin tələbələri təhsillərini 16 xarici universitetdə davam etdirəcəklər

Cəmiyyət Materials 30 İyun 2015 15:45 (UTC +04:00)
ADA Universitetinin tələbələri növbəti semestri 16 xarici universitetdə təhsil mübadiləsində keçirəcəklər.
ADA Universitetinin tələbələri təhsillərini 16 xarici universitetdə davam etdirəcəklər

Azərbaycan, Bakı, 30 iyun /Trend/

ADA Universitetinin 24 tələbəsi gələn tədris ilində təhsillərini xarici universitetlərdə davam etdirəcəklər.

Universitetdən Trend-ə verilən məlumata görə, bu universitetlər sırasına ABŞ, Fransa, Böyük Britaniya, Türkiyə, Macarıstan, Cənubi Koreya, Çin, Estoniya, Litvada yerləşən və ADA Universiteti ilə tədris mübadiləsi haqqında anlaşmaları olan 16 aparıcı ali təhsil ocağı daxildir. Öz növbəsində, həmin xarici universitetlərdən 9 tələbə mübadilə proqramı əsasında ADA Universitetində təhsil alacaqlar.

Hazırda ADA Universiteti 50-dən çox xarici təhsil ocağı ilə müəllim, tələbə və tədqiqat mübadiləsini nəzərdə tutan əməkdaşlıq qurub. ADA magistr və bakalavrları təhsilin ikinci ilindən başlayaraq bu tərəfdaş universitetlərin birində mübadilə semestri keçirmək imkanı əldə edirlər.

2015-ci tədris ilinə Britaniyanın Qlazqo Universitetində başlayacaq beynəlxalq münasibətlər tələbəsi Xəyalə Cəfərova bildirib ki, öyrəndiyi sahə üzrə aparıcı təhsil ocaqlarından hesab edilən Qlazqo Universitetində oxumaq ona çox faydalı olacaq: "İnanıram ki, Qərb təhsil sistemi və yeni mədəniyyətlə daha yaxından tanış olmaq gələcək diplomat kimi mənə üstünlük verəcək". Biznesin idarə edilməsi üzrə bakalavr Ceyhun Məhərrəmli isə Fransanın IESEG Menecment Məktəbinə yola düşür: "Burada biznesi öyrənənlərə sonsuz imkanlar verilir. IESEG-də vaxtımdan səmərəli istifadə edəcəyəm. Əminəm ki, bu mənim biznes karyeram üçün yaxşı təkan olacaq".

Qeyd edək ki, təhsil mübadiləsi proqramında iştirak edən ADA Universitetinin tələbələri müvafiq akademik göstəricilər nümayiş etdirməli və universitetin daxili seçim mərhələsindən keçməlidirlər. Təhsil mübadiləsi proqramları ADA Universitetinin dünya standartlarına uyğun təhsil verməsi və beynəlmiləl akademik mühit yaratması məqsədlərini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti