...

Azərbaycanda WhatsApp-ın istifadəsinə qadağa qoyulub? (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 İyul 2015 15:42 (UTC +04:00)
"Azercell" mobil rabitə operatoru Whatsapp-a məhdudiyyət qoyması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Azərbaycanda WhatsApp-ın istifadəsinə qadağa qoyulub? (ƏLAVƏ OLUNUB)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 15:19-da yayılıb)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda "WhatsApp" messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil. Tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsinin tərəfdarıdır.

Qeyd olunur ki, Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz. Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər vasitəsilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını, hətta artıq səsli və görüntülü data-məlumatların ötürülməsinin mümkünlüyünü qeyd edirlər.

Nazirlik bəyan edir ki, hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu cür servislər sayəsində istifadəçilər mobil internet trafikindən daha çox istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data-xidmətlərdən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz.

WhatsApp-ın işində problemlərin yaranması haqqında məlumatları şərh edən yerli mobil operatorların təmsilçiləri bu problemlərin onların şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.

Araşdırma nəticəsində məlum olub ki, hazırda "WhatsApp" messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir. Nasazlıqların müşahidə olunduğu ölkələr arasında Azərbaycanın da adı var.

Qeyd edək ki, problemlər digər ölkələrdə artıq iyunun 18-dən etibarən müşahidə olunur.

"WhatsApp" - smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir.

X X X

"Azercell" mobil rabitə operatoru WhatsApp-a məhdudiyyət qoyması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Şirkətdən Trend-ə daxil olan məlumatda deyilir: "Son günlər mətbuatda gedən yazılara cavab olaraq bildirmək istərdik ki, "Azercell" şirkəti tərəfindən "WhatsApp" əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, "Azercell" şirkəti bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti