...

İmtahanqabağı həyəcandan necə xilas olmaq olar?

Cəmiyyət Materials 4 İyul 2015 20:38 (UTC +04:00)
Bəs imtahanqabağı həyəcandan necə xilas olmaq olar? Sterssi aradan qaldırmaq üçün sakitləşdirci həblərdən istifadə etmək düzgündürmü?
İmtahanqabağı həyəcandan necə xilas olmaq olar?

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Qəbul imtahanları yaxınlaşdıqca abituriyentlərdə həyəcan hissi artır. Bu həyəcanın əsas səbəblərindən biri valideynlər və həmyaşıdlar yanında məyus olmaq, onların ümidlərini doğrultmamaq qorxusudur.

Bəs imtahanqabağı həyəcandan necə xilas olmaq olar? Sterssi aradan qaldırmaq üçün sakitləşdirci həblərdən istifadə etmək düzgündürmü?

Təcrübə göstərir ki, ciddi valideyn nəzarəti altında olan abituriyentlər daha çox həyəcan hissi keçirirlər. Böyüklərin təzyiqi onsuz da mövcud olan imtahan stressini bir az da artırır. Bu da sonda xoşagəlməz nəticələrə səbəb ola bilər. Psixoloqlar bildirirlər ki, valideynlər daha diqqətli olmalı, övladlarına təzyiq göstərməkdənsə, onlara dəstək olub ürək-dirək verməlidirlər. Xüsusilə də imtahana az vaxt qalıbsa...

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, psixoloq Təranə Abbasova bildirib ki, imtaha hazırlaşanları bir neçə gün sərbəst buraxmaq, istirahətə yönəltmək lazımdır: "Yeməklərinə fikir versinlər. Meyvə-tərəvəzlə qidalansınlar. Dəniz kənarında gəzsinlər, istirahət məkanlarına getsinlər. Bir neçə gün əvvəl dərs oxumağı dayandırsınlar ki, beyin dincəlsin və imtahana hazır olsun".

Həyəcanı aradan qaldırmaq üçün hansısa həblər yerinə, təbii üsullarla sakitləşməyə çalışmaq daha məsləhətlidir. Açıq havada gəzmək, müxtəlif nəfəs gimnastikaları etmək sinirləri daha çox sakitləşdirir. Mütəxəssislər sakitləşdirici həblərdən yalnız zəruri hallarda və imtahandan bir neçə gün əvvəl istifadə etməyi məsləhət görür.

T.Abbasova qeyd edib: "Uşaqlar adətən gecələr oxumağı üstün tuturlar və artıq oyaq qalmağı vərdiş edirlər. İmtahana üç-dörd gün qalmış valerianlardan istifadə etmək olar ki, onlar rahat yatsınlar və beyinləri dincəlsin. Nə qədər çox yatsalar, beyin bir o qədər sakit olar".

Abituriyentlərə imtahanqabağı həyəcan haradasa başa düşüləndir. Amma unutmayaq ki, bir insanın əldə edə biləcəyi hər hansı uğur onun sağlamlığı və həyatından dəyərli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti