...

Rusiya Dövlət Dumasının azərbaycanlı eksperti: Diaspor təşkilatlarında fəal çalışmayanların istefalarının şahidi olacağıq (MÜSAHİBƏ)

Cəmiyyət Materials 7 İyul 2015 12:43 (UTC +04:00)
Bir neçə gün əvvəl Rusiya Federasiyası Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər şurasının üzvü təyin edilmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi Araz Mürsəliyevin Trend-ə müsahibəsi.
Rusiya Dövlət Dumasının azərbaycanlı eksperti: Diaspor təşkilatlarında fəal çalışmayanların istefalarının şahidi olacağıq (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Bir neçə gün əvvəl Rusiya Federasiyası Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər şurasının üzvü təyin edilmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə icraçı direktoru Araz Mürsəliyevin Trend-ə müsahibəsi.

Eyni zamanda bir neçə işin öhdəsindən gələn adam

- Araz müəllim, əvvəla, sizi Rusiya kimi böyük bir dövlətin parlamenti aparatında təmsil olunmaq hüququ əldə etməyiniz münasibətilə təbrik edirik. Bir azərbaycanlı kimi Dövlət Dumasında ekspert olmaq sizin üçün nə deməkdir?

- Əvvəla sizi və sizin timsalınızda bütün Azərbaycanı salamlayıram. Hər bir nailiyyət - əziyyət, səbr, təmkin, əzmkarlıq, əmək tələb edir və hər hansı bir məqsədə çatmaq üçün pillə-pillə addımlamaq gərəkdir. Azərbaycanda yaşadığım zaman Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının fəallarından olmuşam. Moskva şəhərinə köçdükdən sonra isə ÜAK-ın Moskva vilayəti üzrə icraçı direktoru təyin olunmuşam. ÜAK Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 2001-ci il martın 5-də Moskva şəhərində yaradılıb. Heydər Əliyevin ÜAK-nın ilk təsis qurultayında iştirakı bu fenomen şəxsin Azərbaycan diasporunun inkişafına olan böyük diqqətinin göstəricisi idi. ÜAK-ın əsas məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqların həyata keçirilməsində yardım etməkdir.

Bir neçə gün əvvəl isə Rusiya Federasiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər şurasının üzvü seçilmişəm və təbii ki, bu çox sevindirici haldır. Bu, mənim üçün şərəfli olmaqla yanaşı, həm də çox məsuliyyətli bir vəzifədir. Bu işin məsuliyyətini yaxşı başa düsürəm. Anlayıram ki, bir azərbaycanlı kimi, Dövlət Dumasında diasporumuzu və hətta deyərdim vətənimiz Azərbaycanı təmsil edirəm.

- Bildiyimizə görə, bundan başqa həm kommersiya, həm də elmi fəaliyyətlə də məşğulsunuz. Eyni zamanda, bir neçə işi yüksək səviyyədə həyata keçirmək heç də asan deyil. Bəs sizin üçün necə, çətin deyil ki?

- Mən Azərbaycanda anadan olub, böyüyüb boya-başa çatmışam. Bir müddət əvvəl təhsilimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (МГУ) Hüquq fakültəsinin magistraturasında davam etdirmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə köçmüşəm. Sonra ÜAK-ın Moskva vilayəti üzrə icraçı direktoru vəzifəsində çalışmağa başlamışam. Hazırda elmi fəaliyyətlə məşğulam və Rusiya Federasıyası Xarici İşlər Nazirliyinin tərkibində olan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (МГИМО) Beynəlxalq hüquq istiqaməti üzrə aspirantıyam.

Eyni zamanda, "hüquq elmləri namizədi" elmi adına layiq görülmək üçün dissertasiya işi üzərində çalışıram. Elmi işim də Azərbaycanla bağlıdır, adı da "Xəzər dənizinin ətraf mühitinin qorunması, onun beynəlxalq-hüquqi statusu və aspektləri"dir. Hər zaman olduğu kimi dissertasiya işində də doğma vətənim Azərbaycanın maraqlarını hər şeydən üstün tutmağa çalışacağam. Bu mövzu ilə məqsədim Xəzər dənizinin ətraf mühitinin qorunması problemləri ilə yanaşı, həm də Beynəlxalq dəniz hüquqi normalarına uyğun olaraq Azərbaycanın Xəzər dənizinin beynəlxalq-hüquqi statusu ilə bağlı haqlı mövqeyini bütün dünyanın və xüsusilə də Rusiyanın və Xəzərətrafi qonşu dövlətlərin hüquqi və siyasi dairələrinin diqqətinə bir daha çatdırmaqdır. Xəzərin istər dəniz, istərsə də göl kimi bölünməsi və hüquqi statusunun müəyyən olunmasında Azərbaycanın haqlı mövqeyi Dəniz Hüququ Konvensiyasının normalarına tam uyğundur və bu həqiqəti hər kəsə çatdırmaq hər bir azərbaycanlı siyasətçinin və xüsusilə də hüquqşünasların hər birinin vətənpərvərlik borcudur.

Digər məsələlərə gəlincə, artıq qeyd etdiyim kimi, hazırda ÜAK-ın Moskva vilayəti üzrə icraçı direktor vəzifəsində fəaliyyət göstərirəm. Eyni zamanda, "Amur" MMC adlı şəxsi tikinti şirkətim var və "Xalqlar Dostluğu" Xeyriyyəçilik Fondunun təsisçisi və prezidentiyəm. Adlarını qeyd etdiyim qurumlar bilavasitə mənim rəhbərliyim altında fəaliyyət göstərir. Səmimi desəm, bu günə kimi mənim üçün çətin olmayıb. Qarşılaşdığım çətinliklərə sinə gərməyə çalışmışam. Çünki işini sevən, gündəlik qrafikini lazımi qaydada quran, prioritet məsələləri önə çəkən, peşəkar kollektivi olan rəhbər bütün çətinlikləri və böyük həcmdə işləri asanlıqla adlaya bilir. O ki qaldı sonuncu dəfə mənə göstərilən etimada, Rusiya Federasiyası Dövlət Dumasında təyin olduğum vəzifəyə görə deyə bilərəm ki, əgər etibar edib məni bu vəzifəyə təyin ediblərsə, mən də razılıq vermişəmsə, deməli bütün mümkün çətinlikləri gözə almışam və öhdəsindən gəlməyə hazıram.

Dövlət Duması ilə bağlı planlar

- Siz buna qədər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz töhfələrə, eləcə də ictimai fəaliyyətinizə görə dəfələrlə təltif edilmisiniz. Dumada təmsil olunduğunuz dövrdə bu istiqamətdə, eləcə də diasporumuzun Rusiyanın ictimai-siyasi həyatında fəallaşması ilə bağlı hansı planlarınız var?

- Bəli, mən Moskva şəhəri Hökuməti, Moskva vilayəti Duması, Ümumrusiya-Azərbaycan Konqresinin Fəxri Fərmanları, eləcə də Moskva vilayəti Hökumətinin Təşəkkürnaməsinə layiq görülmüşəm. Bundan başqa, Azərbaycanın Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bül-Bül oğlu, eləcə də Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşam. Qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, xüsusilə Rusiyada Azərbaycan diasporuna və diaspor təşkilatlarına böyük diqqət və qayğı göstərir. Hazırda biz Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirik.

Təbii ki, Rusiya Dövlət Dumasında da iki ölkə - Rusiya ilə Azərbaycan arasında əlaqələrin və dostluq münasibətlərinin inkişafı, eləcə də Azərbaycan diasporunun Rusiyanın ictimai-siyasi həyatında fəallaşması məqsədilə bu istiqamətdə işləri davam etdirəcəyəm. Bundan başqa, pravoslav və müsəlman dinlərarası, rus və türkdilli xalqlararası tolerantlığın inkişafına töhfəmi verməyə çalışacağam.

Bu gün artıq mən Rusiya vətəndaşıyam və belə bir məsuliyyətli vəzifəyə təyin olunmuşam. İşimdə öncə Rusiya dövlətinin milli münasibətlər üzrə dövlət siyasəti istiqamətindəki apardığı işlərə dəstək verəcəyəm. Bu sahədə keçmiş SSRİ-nin "tör-töküntüləri"nin aradan qaldırılmasına az da olsa, töhfəmi verməyə çalışacağam. Rusiya vətəndaşı və bir azərbaycanlı kimi fəaliyyətim hər iki xalqın mənafeyi naminə Rusiyada yaşayan azərbaycanlıların nüfuzunun yüksəlməsinə, mövcud dostluq münasibətlərinin artmasına, ictimai və siyasi əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək.

- Dövlət Dumasında Komitənin iclaslarında ilk növbədə hansı məsələləri müzakirəyə çıxarmaq fikrindəsiniz?

- Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin iclaslarında Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin, vətəndaş cəmiyyətlərinin inkişafının möhkəmləndirilməsi, mədəniyyət, dil və adət-ənənələrin qorunması, Rusiya Federasiyasındakı diaspor təşkilatları ilə əməkdaşlıq məsələlərini müzakirə etmək istərdim.

Rusiya Federasiyasında yaşayan soydaşlarımızın məişət və sosial problemlərinin aradan qaldırılması üzrə aparacağım iş də fəaliyyətimin bir hissəsi və əsas istiqamətlərindən olacaq.

Diaspor təşkilatlarının koordinasiyasındakı problemlər

- Bəzən qeyd edilir ki, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının tam koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməməsi bəzi problemlər yaradır. Sizcə bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

- Təmamilə düzgün buyurursunuz. Həqiqətən də son zamanlar diaspor təşkilatlarının koordinasiya olunması məsələsində müəyyən anlaşılmazlıqlar yaşanıb. Bu da o işi öz uzərinə götürmüş insanların fəaliyyətsizliyi və onun ağırlığını daşıya bilməyən insanların rəhbərliklərdə olmasının nəticəsidir. Görünür, bəzi rəhbərlər Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin diaspor siyasətini və xalqımızın diaspordan nələr gözlədiyini tam anlamayıblar və ya başa düşmək istəmirlər. Hesab edirəm ki, əgər hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsə, problemlər də yaşanmaz. Sevindirici haldır ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Bakıda keçirilən son Qurultayında diasporumuzun səfirliklər ətrafında birləşməsinə dair verdiyi tapşırıq Rusiyada uğurla həyata keçirilir. Səfirliyin və diaspor təşkilatlarının, xüsusilə də regional təşkilatların birgə səyi olmasaydı, bu şəkildə uğurla nəticələnən bir neçə birgə tədbirlərin keçirilməsi də mümkün olmazdı.

Onu da qeyd etmək istərdim ki, Prezident İlham Əliyev tərəfindən səfirliyimizə birinci muavin olaraq diaspor işində böyük təcrübəsi olan vətənpərvər diplomatımız Qüdsi Osmanovun gətirilməsi və diasporumuza, onun ən böyük təşkilatı olan ÜAK-a uğurlu kuratorluğu diasporumuzun inkişafına yeni nəfəs verir. İnanıram ki, bu gündən diasporumuzun səsi Rusiyada və dünyada daha gur gələcək, diasporumuz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinə böyük töhfələr verərək, Rusiya Azərbaycan dostluq münasibətlərinin daha da inkişafina, onun strateji dostluq münasibətlərinə çevrilməsinə, nəhayət Rusiyada da lobbiçilik fəaliyyətinin reallaşmasına, Rusiyadakı azərbaycanlıların yaşadıqları ölkənin inkişafına, eləcə də Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verən real gücə malik diaspora çevriləcək.

Verilən suala yenidən qayıdaraq qeyd etmək istərdim ki, Rusiyada diasporumuzun fəaliyyətində yeni aktiv həyat başlayır. Fəal işləyəcək diaspor təşkilatlarında fəal çalışmayanlara yer olmayacaq və onların istefalarının şahidi olacağıq.

"Azərbaycan dövlətçiliyi naminə canımızdan keçməyə belə hazır olmalıyıq".

- Sonda məxsusi qeyd etmək, Azərbaycan oxucularına demək istədiyiniz fikirləriniz varmı?

- Mən və mənim kimi qərib ölkədə yaşayan minlərlə azərbaycanlı doğma Azərbaycanımızın bir parçasıyıq. Azərbaycanımızın uğurlu fəaliyyəti bizim sevincimiz, problemləri isə kədərimizdir. Bu günlərdə yaşadıgımız böyük sevincimiz - ilk Avropa Oyunları - Azərbaycan Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın Azərbaycan naminə çalışdıqlarının uğurlu göstəricisi və nəticəsi oldu. Hər bir vətənpərvər azərbaycanlı kimi mən də bu uğura ürəkdən sevindim. Oxucularınıza səmimi olaraq demək istəyirəm ki, tək biz azərbaycanlılar yox, milli mənsubiyyətindən asılı olmayaraq Rusiya vətəndaşları da bizimlə bu sevinci paylaşırdılar və Azərbaycanın uğurlarına sevinirdilər.

Nə qədər ki, Azərbaycan iqtisadi, siyasi cəhətdən inkişaf edəcək, bizim də o qədər qərib ölkədə təhlükəsiz, firavan yaşamağımıza, çalışıb-fəaliyyət göstətməyimizə təminat olacaq. Azərbaycanın gələcəyi üçün əl-ələ verib durmadan çalışmalıyıq. Kimliyimizdən, vəzifəmizdən, təmsil etdiyimiz təşkilatdan asılı olmayaraq atdığımız hər bir addım güclü, qüdrətli Azərbaycan üçün hesablanmalıdır. Hər birimiz harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan dövlətçiliyi naminə canımızdan keçməyə belə hazır olmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti