...

Fikrət Yusifov: “8 milyardlıq yalanda batanlar son patronlarını atırlar”

Cəmiyyət Materials 7 İyul 2015 13:03 (UTC +04:00)
Bakı 2015 I Avropa Oyunları başa çatsa da, bundan sonra hələ uzun müddət onun təsiri altında olacağıq. Bu qürurverici idman bayramı, Azərbaycanın adına şöhrət gətirmiş mötəbər idman tədbiri yaddaşlarımızdan heç vaxt silinməyəcək.
Fikrət Yusifov: “8 milyardlıq yalanda batanlar son patronlarını atırlar”

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov

Bakı 2015 I Avropa Oyunları başa çatsa da, bundan sonra hələ uzun müddət onun təsiri altında olacağıq. Bu qürurverici idman bayramı, Azərbaycanın adına şöhrət gətirmiş mötəbər idman tədbiri yaddaşlarımızdan heç vaxt silinməyəcək. Şübhəmiz yoxdur ki, dövlətinə bağlılığı, xalqına sevgisilə seçilən hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın dünyanı növbəti dəfə heyrətləndirməsinə sevindi və bundan böyük fəxarət hissi keçirdi.

Ancaq nə yazıq ki, cəmiyyətimiz xisləti qara, yolu yabançı və hər fürsətdə dövlətə və onun maraqlarına zərbə vurmağa çalışan, xarici xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilən başı boş, içi çürük adamlardan da xali deyil. Belələri ətrafına özü kimi 5-10 nəfəri də yığıb yorulmadan yalan istehsal edir, insanları çaşdırmaq yolunu tutaraq bunun üçün ən iyrənc vasitələrə əl atırlar. Avtomat kukla kimi kənardan idarə olunan bu tip adamların cəmiyyətə təsir imkanları əslində sıfra bərabərdir. Bu bədbəxt insanların Azərbaycan hökumətinə açdığı savaş rinqdə gözləri bağlı olan birisinin özündən dəfələrlə güclu - gözü açıq və ağlı yerində olan pəhləvana qarşı vuruşmasına bənzəyir. O hara gəldi şillə, yumruq atır və düşüncəsində bircə şey var: "bəlkə biri tutdu"... Hərdən də rinqdən xaricdə olan (qərbdəki havadarlar nəzərdə tutulur) dostlarından kömək diləyir. Daha anlamır ki, bu kömək ona heç nə verə bilməz...

***

Dünən bir "yazı" oxuduq. I Avropa Oyunlarına "son nöqtəni" qoymaq istəyən təfəkkürü çürümüş, 8 milyardlıq uydurmanı dilinin əzbərinə çevirmiş siyasi distrofikin müəlliflik etdiyi yazıda əvvəlkilərdən fərqli heç nə gözümüzə dəymədi - yenə böhtan, yenə paxıllıq və yenə qarayaxma... Avropa Oyunları başlamazdan bir qədər əvvəl bu idman tədbirinin təşkilinə çəkilən xərclərlə bağlı kifayət qədər geniş araşdırmamız olmuşdu ki, nəticələrilə oxucularımızı da tanış etmişdik. Ancaq görünür, əlacı hər yerdən üzülmüş siyasi oyunbazların arsenalındakı "şər patronu" hələ tükənməyib... Gərəkdir ki, cavab atəşini ləngitməyək.

Dəfələrlə soruşmuşuq, bir də soruşuruq: I Avropa Oyunlarına 8 milyard xərc çəkildiyinə dair iddialar nəyə əsaslanır? Bu rəqəmi haradan alıblar? Bunu deyənləri dəfələrlə masa arxasına dəvət etmişik ki, gəlin hesablamalarınızı dəlillərlə, rəqəmlərlə ortaya qoyun, izah edin görək bu 8 milyard dollar xərci necə hesablamısınız? Əgər içinizdə bu işləri bilən bir mütəxəssis varsa, qoy zəhmət çəkib qabağa dursun və bu 8 milyard dollarllq iddianı əsaslandırsın. Axı 8 milyard dollar kiçik rəqəm deyil! Əminik, siz bu rəqəmi əsaslandıracaq ciddi hesablamalarla çıxış etmək imkanında deyilsiniz. Quru və boş çıxışlardan, uydurma rəqəmlər səsləndirməkdən başqa əlinizdən heç nə gəlmir. Yalanınızın nə qədər böyük olduğunu özünüz hamıdan yaxşı bilirsiniz. Çox yaxşı bilirsiniz ki, ortada belə xərclər yoxdur və olmayıb. Səkkiz milyard dollar vəsaiti siz hara və necə "yaza" bilərsiniz? Bu qədər vəsait Gürcüstan kimi bir ölkənin iki illik büdcəsinə bərabərdir. Həyasızlığınız sizə imkan verir ki, utanmadan, xəcalət çəkmədən bu rəqəmi təkrar-təkrar səsləndirəsiniz. Siz Oyunlar ərəfəsində utanmadan yazırdınız ki, bir idmançıya Azərbaycan hökuməti 39 000 manat xərc çəkəcək. O zaman da soruşduq ki, bu rəqəmi necə hesablamısınız? Elə bil qurbağa gölünə daş atdıq - səsiniz də çıxmadı. Heç bir izah verə bilmədiniz. Çünki bu da uydurma idi, bu da cəmiyyəti aldatmağa hesablanmış növbəti cəhd idi...

***

Oyunlara çəkilən xərcin bir milyard manat həddində olduğu rəsmən bəyan edilib. İnfrastruktura çəkilən xərclərdən tutmuş təşkilati işlərə görə sərfiyyata qədər bütün məqamlara dair dəqiq və aydın açıqlamalar verilib. Görülmüş işlərin miqyası və səviyyəsi isə ən yüksək standartlara cavab verdi. Bəs siz nə etdiniz? Şər maşınını işə salıb ölkəmizə, dövlətimizə qarşı vicdansızcasına davrandınız. Hər yola əl atdınız ki, I Avropa Oyunları boykot olunsun, ölkələr bu yarışlara qatılmaqdan imtina etsinlər. Olmadı! Alınmadı! Əvvəl gündən hansı ölkələrin iştirakı təsdiq olunmuşdusa, hamısı Bakıda medallar uğrunda mübarizə apardılar. Alman, ispan, fransız, ingilis... atletlərinin necə əzmlə mübarizə apardıqlarını görmədinizmi? Boykota çağırdığınız ölkləri təmsil edən idmançıların qələbə sevincini, uğursuzluqdan doğan məyusluğunu hiss etmədinizmi? Bu idmançılarn ölkələrinə qayıdandan sonra Bakı və Azərbaycan haqqında dediklərini, verdikləri müsahibələri oxumursunuzmu? Sizə aydın deyilmi ki, bir-iki bəyanatla başınızı qatmış ölkələr növbəti dəfə sizinlə oyuncaq kimi davrandılar?.. Palaz-palaz yazılarınız, şər-şəbədə dolu müsahibələriniz və çağırışlarınız özünüzə qaldı...

***

Açın gözləriniz və ətrafınıza nəzər yetirin, Azərbaycan cəmiyyəti mitinqlərinizə güc-bəla ilə topladığınız 500-1000 nəfərdən ibarət deyil. Bu cəmiyyət Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında birləşmiş və onun siyasətini ürəkdən dəstəkləyən milyonlardan ibarətdir. I Avropa Oyunları bu gerçəkliyi bir daha ortaya qoydu və elə ölkəmizə qarşı qərəzli mövqedə dayanan xarici dairələr də gördülər ki, Azərbaycanı güclü edən, onun qüdrətini artıran ən əsas və həlledici amil Prezident-Xalq birliyidir! Bu birliyi hansısa əsassız bəyanatlar və hesabatlarla sarsıtmaq mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti